MƏDƏNİYYƏT
Azərbaycanın mədəniyyət və turizm naziri Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub
Əbülfəs Qarayev və Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyub.
Sonra onlar mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyində Azərbaycan dili, rəsm, əl işləri dərnəkləri ilə tanış olub, kitabxanaya baxıblar.
AMM-nin direktoru Samir Abbasov mərkəzdəki Azərbaycan dili kursu və dərnəklər haqqında ətraflı məlumat verib, qurumun keçirdiyi tədbirlərdən söhbət açıb.
Mərkəzin nəzdində “Azərbaycan qızları” uşaq rəqs ansamblının bədii rəhbəri, Azərbaycanın Əməkdar Artisti Kövkəb Əliyeva ansambl haqqında məlumat verib. O, bildirib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistanda səfərdə olarkən ansamblın çıxışları xoşuna gəlib və kollektivi Bakıya dəvət edib. Ansambl 15 gün Azərbaycanda konsert proqramları ilə çıxış ediblər.
Əbülfəs Qarayev ansamblın yeni rəqslərinə baxıb, onlara uğurlar arzulayıb və kollektivi Azərbaycana qastrol səfərinə dəvət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd