SİYASƏT
Azərbaycanın Müstəqillik Günü Tallində təntənəli mərasimlə qeyd olunub VİDEO




Bakı, 23 may, AZƏRTAC
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən Tallində təntənəli mərasim təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir Estoniyanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Anar Məhərrəmov çıxışında 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixi hadisə və ölkə dövlətçiliyinin inkişafında şanlı səhifələrdən biri olduğunu bildirib, qısa müddət ərzində Cümhuriyyətin dövlət quruculuğu prosesində böyük uğurlar qazandığını vurğulayıb.
Səfir Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, bununla belə, ilk günlərindən çətinliklərlə üzləşdiyini bildirib, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyinin yarandığını, genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcminin artdığını diqqətə çatdırıb.
Diplomat Ulu Öndərin həyata keçirdiyi bütün islahatların hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib, ölkəmizin təşəbbüsü ilə nəhəng enerji, nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini bildirib.
Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərindən söz açılıb, bu ərazilərin yaşıl enerji zonası elan edildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın qlobal miqyasda əldə etdiyi nailiyyətlər ölkəmizin COP29-un ev sahibi seçilməsinə imkan yaradıb.
Estoniya-Azərbaycan əlaqələrindən söz açan səfir ölkələrimiz arasında əlaqələrin həm siyasi, həm iqtisadi və humanitar sahədə yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Riina Solman Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. O, parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayaraq, son zamanlar baş tutmuş qarşılıqlı səfərləri bu münasibətlərin bariz nümunəsi kimi səciyyələndirib.
Tədbirdə Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Estoniya Prezidentinin ofisinin rəhbəri, Estoniyada akkreditə olunan diplomatik korpusun rəhbərləri, Estoniyadakı Azərbaycan icmasının, həmçinin yerli ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.
Daha sonra COP29-la bağlı videoçarx nümayiş olunub.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların nümayişi tədbir iştirakçılarında böyük maraq doğurub.
Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.