DÜNYA
Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib VİDEO
![Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib VİDEO](/files/2024/2/1200x630/17192216752213333449_1200x630.jpeg)
Pekin, 24 iyun, AZƏRTAC
Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna bilən daşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.
AZƏRTAC xəbər verir ki, raket 12 kilometr hündürlüyə qalxdıqdan sonra yerə enib. Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub.
“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının nəzdindəki “Şanxay kosmos uçuşu texnologiyası akademiyası”nın hazırladığı raketin sınağı iyunun 23-də Ciüçüən kosmodromunda keçirilib. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olan raketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.
Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometr hündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyi planlaşdırıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin