İDMAN
Azərbaycanın qadın gimnastları Macarıstanda keçirilən beynəlxalq turnirdə 21 medal qazanmışlar
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin üçüncü ongünlüyündə Budapeştdə bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcəyini bəlkə də Macarıstan paytaxtından savayı yalnız Şiofok şəhərində və sərhədyanı Avstriya və Ukraynada bilirdilər.
Ancaq yarışların nəticələrindən təkcə Şərqi Avropa ölkələrində deyil, qitənin bütün dövlətlərində xəbər tutdular. Ən çox medala isə “Eurovision-2012” müsabiqəsinin paytaxtı Bakını təmsil edən idmançılar qazanmışlar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 14-15 yaşlı yeniyetmə qızlar 13 mükafata sahib olmuşlar. Mənsurə Bağırova, Marina Durunda, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva komanda birinciliyində qızıl medal qazanmışlar.
Bundan əlavə, M. Bağırova halqa ilə hərəkətlərdə, M. Durunda topla yarışmada, G. Şəfizadə isə lentlə hərəkətlərdə birinci olmuşdur.
Təkcə Niftalıyeva gürzlə çıxışdan sonra ikinci olmuşdur.
Onların komanda üzrə kiçik yaşlı rəfiqələri də qonaqpərvər macar torpağından əliboş qayıtmamışlar. Belə ki, Jalə Piriyeva (2000-ci il təvəllüdlü) çoxnövçülük turnirində və topla finalda qalib gəlmiş, halqa və lentlə hərəkətlərdə gümüş medala layiq görülmüşdür.
Onun yaşıdı Züleyxa İsmayılova lentlə finalda qalib olmuşdur. Lakin topla hərəkətlərdə ikinci, halqa və çoxnövçülükdə üçüncü yerə layiq görülmüşdür.
Seniorkaların çıxışına gəldikdə isə yenidən idmançılarımızın sıralarına qayıtmış Zeynəb Cavadlı uğur qazanmışdır. Onun aktivində halqa və lentlə hərəkətlərə görə iki gümüş medal vardır. Daha təcrübəli rəfiqəsindən fərqli olaraq, Lalə Yusifova iki qızıl (halqa və lent), iki gümüş (çoxnövçülük və top) və bir bürünc medala (gürz) sahib olmuşdur.
Fəxri kürsüyə bir dəfə çıxan yeganə idmançımız Ayşə Mustafayeva topla hərəkətlərdə üçüncü yeri tutmuşdur.
Milli komandamızın baş məşqçisi Marina Vasileva yetirmələrinin Macarıstanda qazandıqları uğurlardan razı qaldığını bildirmişdir. Bolqar mütəxəssisi demişdir: “Avropa çempionatı ərəfəsində yuniorlarımız yaxşı çıxış etməklə yanaşı, mütəxəssislər tərəfindən də çox yüksək qiymətləndirilmişlər. Ölkə yığmasının tərkibində ilk dəfə çıxış edən Marina Durunda iki qızıl medal və topla hərəkətlərə görə yüksək qiymət - 26.885 bal qazanmışdır. Bir illik fasilədən sonra Ayşə Mustafayeva sübut etdi ki, ona ümid bəsləməyə dəyər. Zeynəb Cavadlı yenidən sıralarımızdadır və bu bizə nikbinlik gətirir, Lalə Yusifova isə turnirdən turnirə təcrübəsini artırır və artıq ad qazanmışdır. Əminəm ki, bu startdan sonra yığmamız daha inamla çıxış edəcəklər”.