AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ QƏBUL TƏŞKİL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi mayın 28-də Azərbaycanın milli bayramı - Respublika günü və Azərbaycan Demokratik Respublikasının elan edilməsinin 90 illiyi münasibətilə “Mariot Yevropa” hotelində təntənəli qəbul təşkil etmişdir.
Ölkəmizin RF-dəki səfiri Polad Bülbüloğlunun iştirak etdiyi tədbirdə stats-katib - Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin dost Azərbaycan xalqını milli bayram münasibətilə öz ölkəsi adından təbrik etmişdir. Azərbaycanın Rusiyaya dost, həm mənəvi, həm sivilizasiya, həm də coğrafi baxımdan çox yaxın ölkə olduğunu bildirən diplomat demişdir: “Qarşılıqlı iqtisadi əlaqələrdə, mədəniyyət sahəsində əməkdaşlıqda, regionda və bütövlükdə dünyada sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə həll etdiyimiz məsələlərdə qazandığımız uğurlar bizi çox sevindirir”. Qriqori Karasin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və möhkəmlənməsinə son dərəcə qiymətli töhfələrini xüsusi vurğulayaraq demişdir: “Əminik ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin gələcəyi çox yaxşı və səmərəli olacaqdır. Azərbaycan dinamik inkişaf edən iqtisadiyyata malik olan bir ölkəyə çevrilmişdir. O, Qafqaz regionunda təhlükəsizlik məsələlərində getdikcə daha böyük rol oynayır və bu, son dərəcə vacibdir. Biz regional və beynəlxalq siyasətin bütün məsələləri üzrə öz mövqelərimizi razılaşdıraraq fəal qarşılıqlı əlaqə saxlayırıq”.
Rusiya Dövlət Ticarət-İqtisad Universitetinin rektoru, “Narodnıy Soyuz” siyasi partiyasının sədri Sergey Baburin, Azərbaycanda doğulmuş məşhur rusiyalı aktyor İmmanuil Vitorqan, şairə Alla Axundova və təntənəli qəbulun digər iştirakçıları xalqımızı səmimi qəlbdən təbrik etdilər. Sergey Baburin Azərbaycana səfərlərini xatırladı və ümummilli lider Heydər Əliyev ilə görüşlərini xüsusi vurğuladı. Rusiyalı siyasətçi dedi: “Heydər Əliyev bizim ümumi vətənimiz olmuş Sovet İttifaqının həqiqətən böyük vətəndaşı və Azərbaycanın böyük Prezidenti idi. O, xalqlarımız arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə qiymətli töhfələr vermişdir”.
Təntənəli qəbulda Rusiyanın rəsmi şəxsləri, parlament üzvləri, hökumət və dövlət strukturlarının, diplomatik korpusun, diasporun və müxtəlif ictimai təşkilatların nümayəndələri, gənclər və tanınmış mədəniyyət xadimləri iştirak etmişdir.
Qəbul iştirakçılarına “Baku” jurnalının nüsxələri paylanmışdır.