® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
İyunun 5-dən 7-dək “Space_13” incəsənət məkanında “NARGIS” jurnalının təşkilatçılığı ilə yaradıcılığı, sənətkarlığı və canlı ünsiyyəti bir araya gətirən genişmiqyaslı “Force of Love 2026” festivalı keçirilib. Festivalın əsas məqsədi ailə, uşaqlar və dostlar ilə birlikdə vaxt keçirməsi, unudulmaz təəssüratlar qazanması və əyləncəli anlar yaşaması üçün imkan yaratmaq olub.
Paytaxt sakinləri və qonaqlar üç gün ərzində zinət və interyer əşyaları, kitablar, geyimlər, çantalar və digər məhsullar əldə etmək, həmçinin müxtəlif yemək və içkiləri dadmaq imkanı qazanıblar.
Əlavə olaraq festival yaradıcı, maarifləndirici və əyləncəli tədbirlərlə zəngin proqram təqdim edib. Qonaqlar “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmud və rəqqas Fərid Mehdiyevlə birlikdə baçata rəqsini öyrəniblər, eyni zamanda, rəssamlıq, abstrakt incəsənət, keramika və kətan üzərində rəsm, skrapbukinq, robototexnika, xalçaçılıq, trafaret rəssamlığı və kulinariya üzrə master-klaslarda iştirak ediblər. Bundan əlavə, qonaqları “Project Flat”ın ləziz təamları, “Game Buzz”un oyunları, Bəhram Bağırzadənin kitabları, ənənəvi xına naxışları və həm uşaqlar, həm də böyüklər üçün rəngarəng feys-art gözləyib.
Festivalın ilk günü uşaqlara həsr olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl olaraq əyləncə proqramı çərçivəsində 1 saylı Uşaq Evinin sakinləri üçün tədbirlər “Nargis Fund” ilə birgə təşkil edilib. Balaca qonaqlar kukla tamaşasına baxıb, yaradıcılıq master-klaslarında iştirak edib, hədiyyələr qazanıb və bayram təamlarından zövq alıblar.
İyunun 6-da gələcək nəsillərə qayğını və təbiətlə harmonik birgəyaşayışı simvolizə edən mühüm ekoloji təşəbbüs - ağacəkmə aksiyası keçirilib. Aksiyaya “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmud rəhbərlik edib.
İyunun 7-də “CineMastercard” ilə birgə uşaqlar üçün cizgi filminin nümayişi təşkil edilib. Film gənc qonaqların böyük marağına səbəb olub, onlara unudulmaz təəssüratlar, çoxlu təbəssüm və xoş əhvali-ruhiyyə bəxş edib.
Festival çərçivəsində tədbirin dəstəkçisi olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni və Kreativ Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) tərəfindən master-klaslar, stolüstü oyunlar və tematik vorkşoplar təşkil edilib. Bundan əlavə, qonaqlar mərkəz tərəfindən təqdim edilən yerli brendlərlə tanış ola biliblər.
Tədbirin tərəfdaşlarından biri də “Baku City Circuit” olub və onun dəstəyi bu genişmiqyaslı tədbirdə mühüm rol oynayıb.
Festivalboyu qonaqların rahatlığı üçün “BakuBus” tərəfindən ödənişsiz avtobuslar fəaliyyət göstərib.
Bu üç günü bizimlə bölüşən, onları istilik, sevinc və ilham dolu xüsusi bir atmosferlə zənginləşdirən hər kəsə minnətdarıq. Yeni görüşlərədək!