ELM VƏ TƏHSİL
Azərbaycanın və Gürcüstanın elmi-tədqiqat institutları birgə əməkdaşlığa dair müqavilə imzalayıb
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu (RPİ) ilə Gürcüstanın Tbilisi Dövlət Universitetinin İovel Kutateladze adına Farmokokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, sənədi RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və Farmokokimya İnstitutunun direktoru, professor N.Qorqaslidze imzalayıblar.
Müqavilənin əsas məqsədi institutlar arasında radiasiya, nüvə, radiokimya, radiobiologiya, radioekologiya, radiasiya materialşünaslığı, nüvə təhlükəsizliyi və digər elmi-texniki sahələrdə birgə əməkdaşlığın yaradılmasıdır.
İnstitutlar müqavilə çərçivəsində müxtəlif fondlara və beynəlxalq təşkilatlara birgə layihələr təqdim edəcək, qrant müsabiqələrinə qatılacaq.