İQTİSADİYYAT
Azərbaycanın xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10 faizi həcmində olub
Bakı, 1 avqust, AZƏRTAC
2023-cü ilin iyulun 1-nə xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10 faizi həcmində olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
Hesabat dövrünə daxili dövlət borcu 4 milyard 970,3 milyon manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizi həcmində olub. Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür. Xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk altı ayı ərzində 113,3 milyon manat istifadə edilib.
2023-cü ilin birinci yarısında daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə dövlət büdcəsinə 1 milyard 15 milyon manat məbləğində vəsait daxil olub. Dövlət büdcəsinə daxil olmuş vəsaitin 724,1 milyon manat həcmində hissəsi xarici və daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsinə, 290,9 milyon manat həcmində hissəsi isə dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinə yönəldilib.