Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla yaşanan hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına təsirləri – TƏHLİL

Azərbaycanla yaşanan hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına təsirləri – TƏHLİL

Bakı, 11 sentyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi cəbhədə davam edən son qarşıdurmanın Ermənistan iqtisadiyyatına təsirlərini təhlil edib.

AZƏRTAC təhlili təqdim edir.

Sentyabrın 27-də Ermənistan hərbçiləri Azərbaycan mövqelərinə hücum edərək təxribat törətdikdən sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayaraq işğal edilmiş ərazilərimizin bir hissəsini azad edib. Ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar Ermənistanda siyasi gərginliyin artmasına və Ermənistan ordusunun şəxsi heyətinin böyük hissəsinin məhv edilməsinə gətirib çıxarıb. Bu da Ermənistana hərbi və siyasi baxımdan əsaslı surətdə zərər verməkdədir. Lakin hərbi qarşıdurma Ermənistana yalnız siyasi və hərbi cəhətdən deyil, eyni zamanda, iqtisadi cəhətdən də əhəmiyyətli zərər verir. Pandemiya ilə əlaqədar olaraq onsuzda uzun müddətdir ki, Ermənistan iqtisadiyyatında böyük problemlər mövcud idi. Hərbi qarşıdurma isə həmin problemlərin daha da böyüməsinə və yeni problemlərin yaranmasına yol açır. Ona görə də, hərbi qarşıdurma bitdikdən sonra da uzunmüddətli perspektivdə Ermənistan yaranan iqtisadi problemlərdən əziyyət çəkməli olacaq. Hərbi qarşıdurma şəraitində Ermənistan iqtisadiyyatı üçün yaranan əsas problemləri nəzərdən keçirək.

Dövlət büdcəsi

Ermənistanda pandemiya başladıqdan sonra hökumətin pandemiyanı səmərəli şəkildə idarə edə bilməməsi virusun sürətli şəkildə yayılmasına və bunun nəticəsində də iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olub. İstər iqtisadi aktivliyin zəifləməsi nəticəsində dövlət büdcəsinə daxilolmaların azalması, istərsə də iqtisadiyyatın dəstəklənməsi və əhaliyə yardım edilməsi məqsədilə dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması büdcə xərclərinin həcmini əhəmiyyətli surətdə artırıb. Nəticədə Ermənistan hökuməti 2020-ci il üçün büdcə layihəsinə apreldə yenidən baxmalı olub. Büdcə xərcləri artdığından və büdcə gəlirləri azaldığından yeni büdcə layihəsində büdcə kəsirinin həcmi əhəmiyyətli surətdə artıb. Belə olan şəraitdə Ermənistan hökuməti əlavə xarici borclanmaya gedərək dövlət büdcəsinin kəsirini maliyyələşdirmək məcburiyyətində qalıb.

Azərbaycana qarşı təxribat törətdikdən sonra isə Azərbaycanın həyata keçirdiyi uğurlu əməliyyatlar Ermənistanın hərbi xərclərinin kəskin surətdə artmasına və iqtisadi problemlərin daha da dərinləşməsinə yol açır. Ona görə də Ermənistan hökuməti məcbur qalaraq sentyabrın sonunda 2020-ci ilin dövlət büdcəsinə yenidən baxmalı olub. Daha sonra Ermənistan parlamenti büdcəyə ikinci dəfə dəyişikliklərin edilməsi ilə bağlı hökumətin təklif etdiyi layihəni təsdiqləyib. Yeni dəyişikliklərə əsasən büdcə xərcləri 84 milyon ABŞ dolları (bundan sonra dollar) həcmində artırılacaq. Nəticədə yeni büdcədə büdcə xərclərinin ümumi məbləği 3,44 milyard dollar həcmində olacaq ki, bu da ÜDM-in 26,5 faizini təşkil edəcək. Yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan iqtisadiyyatında müşahidə edilən geriləmələr, eyni zamanda, vergi gəlirlərinin də azalmasına şərait yaradır. Buna görə də dəyişikliklərdə vergi gəlirləri ilə bağlı proqnoz da pisləşdirilib. Yeni proqnoza görə, ilin sonuna vergi gəlirləri apreldə büdcəyə edilmiş dəyişikliklər ilə müqayisədə 236,67 milyon dollar azalaraq 2,77 milyard dollara bərabər olacaq. Bu isə ilkin proqnozla müqayisədə büdcə gəlirlərinin 590 milyon dollardan çox və ya 17,5 faiz azalması deməkdir.

Büdcə xərclərinin artması və büdcə gəlirlərinin azalması isə büdcə kəsirinin əhəmiyyətli surətdə artmasına yol açır. Belə ki, yeni proqnoza əsasən büdcə kəsiri 963,9 milyon dollara çatacaq. Bu isə ÜDM-in 7,4 faizi deməkdir. Bundan əvvəl apreldə edilmiş dəyişikliklərdən sonra büdcə kəsiri ilkin büdcədə müəyyən ediləndən 2 dəfədən çox artaraq 663,3 milyon dollar səviyyəsinə və ya ÜDM-in 5 faizi səviyyəsinə çatması proqnozlaşdırılırdı. Sonuncu dəyişikliklər isə büdcə kəsirinin il ərzində 3 dəfə artmasına səbəb olacaq. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, hələ aprel ayında büdcə kəsirinin 663,3 milyon dollar həcmində olmasına hüquqi baxımdan imkan vermək üçün Ermənistan büdcə kəsirinə müəyyən edilmiş məhdudiyyətin artırılmasına məcbur olub. Büdcə kəsiri ilə bağlı məhdudiyyətlər büdcə kəsirinin maliyyə təhlükəsizliyi baxımından təhlükə yaratmayacağı səviyyədə müəyyən edilir. Ona görə də məhdudiyyətin artırılması və büdcə kəsirinin il ərzində 3 dəfəyə qədər artması Ermənistanın maliyyə təhlükəsizliyini sual altında qoyur.

Aydındır ki, Ermənistanda hazırda mövcud olan iqtisadi vəziyyət büdcə xərclərinin daha çox artırılmasını tələb edir. Bu tələbin yaranması həm hərbi sahədə xərclərin kəskin şəkildə artmasından, həm virusun yayılması və müharibəyə görə iqtisadi aktivliyin kəskin azalmasından, həm də ölkədə mövcud olan sosial problemlərin dərinləşməsindən irəli gəlir. Lakin büdcə xərclərinin kəskin artırılması imkanları mövcud deyil. Bu isə büdcə gəlirlərinin formalaşdırılması mənbələrinin dar olmasından irəli gəlir. Təkcə müharibədə Ermənistana dəyən böyük maliyyə zərəri ilə müqayisədə büdcə xərclərinin artırılması üçün nəzərdə tutulan 84 milyon dollar çox az vəsaitdir. Ona görə də hökumət iqtisadiyyatın zəruri həddə maliyyələşdirilməsini həyata keçirə bilməyəcək. Onu da nəzərə alsaq ki, Ermənistanın hərbi xərcləri bundan sonra da artmaqda davam edəcək və Ermənistan hökuməti işğal olunmuş torpaqlarda yerləşən təbii ehtiyatların qanunsuz olaraq istismarı nəticəsində əldə etdiyi gəlirlərdən məhrum olub, o zaman maliyyə vəziyyətinin daha da pisləşəcəyini proqnozlaşdırmaq olar.

Dövlət borcu

Ermənistan hökuməti sərbəst maliyyə resurslarına malik olmadığından artan büdcə kəsirini maliyyələşdirmək üçün həmişə olduğu kimi xarici borc cəlb etmək məcburiyyətində qalacaq. Qeyd edək ki, son illərdə, xüsusilə də 2016-cı ildən sonra Ermənistanın dövlət borcu sürətlə artmaqdadır. 2019-cu ildə Ermənistanın dövlət borcu (80 faizdən çoxunu xarici borc təşkil edir) 7,324 milyard dollar səviyyəsinə çatıb. Daha sonra aprel ayında büdcə layihəsinə dəyişikliklər qəbul ediləndə məlum oldu ki, Ermənistan hökuməti həm büdcə kəsirini, həm də dəstək proqramlarını maliyyələşdirmək üçün 532,3 milyon dollar əlavə borc götürməli olacaq. Bu isə dövlət borcunun 7,26 faiz, xarici borcun isə 9,2 faiz artması demək idi.

Lakin statistik rəqəmlər göstərir ki, təkcə aprel-avqust aylarında Ermənistanın dövlət borcu daha çox, yəni, 700 milyon dollar həcmində artıb. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın dövlət borcunun artımı proqnozları üstələyir (əlavə borc götürmək ehtiyacı yarandığından) və ya hökumət borcun artımını məqsədli surətdə daha az göstərməyə çalışır. İndiki halda isə büdcə kəsirinin maliyyələşdirilməsi və digər maliyyə xərclərini qarşılamaq üçün Ermənistan hökuməti 532,3 milyon dollardan əlavə 825 milyon dollar xarici borc cəlb etmək məcburiyyətində qalacaq. Bu isə 2019-cu il ilə müqayisədə Ermənistanın dövlət borcunun 18,5 faiz artması deməkdir.

Dövlət borcunun sürətli şəkildə artması onun iqtisadiyyatda rolunun hansı səviyyədə olduğunu müəyyən etmək üçün istifadə edilən dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin Ermənistanda əhəmiyyətli surətdə pisləşməsinə yol açacaq. Qeyd edək ki, bu göstərici Ermənistanda 2018-ci ildə 51,3 faiz, 2019-cu ildə isə 50 faiz səviyyəsində olub. Ermənistan hökumətinin özünün verdiyi məlumata görə, qeyd edilən borc vəsaitləri cəlb edildikdən sonra dövlət borcunun ÜDM-ə nisbəti 60 faiz həddini keçərək kritik həddə, yəni 67 faizə çatacaq. Qeyd edək ki, bu göstərici 2019-cu ildə Azərbaycanda 18 faiz, Gürcüstanda isə 42 faiz səviyyəsində olub.

Ümumiyyətlə, dövlət borcunun səviyyəsi ilə bağlı iki cür yanaşma mövcuddur. Birinci yanaşmaya görə, əgər sərfəli faiz şərtləri ilə xarici borc əldə etmək imkanı varsa, o zaman xarici borcun artırılması səmərəlidir. Çünki həmin vəsaitləri gəlirli investisiya layihələrinə yönəltdikdə qaytarılan faizdən daha çox gəlir əldə etmək imkanı yaranır. İkinci yanaşmaya görə isə xarici borcun artması dövlətin maliyyə sistemi üzərində təzyiqlərin və onun kreditorlardan asılılığının kəskin artmasına səbəb olur. Onu nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatının fəaliyyət imkanlarının geniş olmaması orada böyük gəlirlər gətirən investisiya layihələrinin həyata keçirilməsinə imkan yaratmır, o zaman birinci yanaşmanın Ermənistan iqtisadiyyatı üçün uyğun olmadığını görürük. Ermənistanda cəlb edilən xarici borcun əsasən büdcə ilə bağlı yaranan problemlərin həllinə yönəldilməsi də onu göstərir ki, bu vəsaitlər investisiya layihələri üçün istifadə edilmir. Ona görə də Ermənistanın dövlət borcu artmaqda davam edir və bu maliyyə sistemi üzərində təzyiqləri kəskin şəkildə artırır.

Bəzi erməni iqtisadçılar isə qeyd edirlər ki, son aylar Ermənistanda dövlət borcunun artmasının əsas səbəbi daxili borclanmanın artmasıdır. Ermənistanın təqdim etdiyi statistik rəqəmlər göstərir ki, apreldə daxili borcun ümumi dövlət borcunda payı 21,5 faiz, sentyabrın sonuna isə 24 faiz səviyyəsində olub. Lakin Ermənistanda daxili borclanma imkanları çox zəifdir. İstər iqtisadiyyatın həcminin kiçik olması, istərsə də maliyyə bazarlarının çox zəif inkişaf etməsi daxili borclanma imkanlarını azaldır. Bu baxımdan daxili borclanma ilə bağlı göstəricilərin nə dərəcədə həqiqəti əks etdirməsi sual doğurur.

Son illərdə Ermənistanın dövlət borcunun artım dinamikası onu göstərir ki, böhran olan dövrlərdə dövlət borcu daha sürətlə artmağa başlayır. Təsadüfi deyildir ki, 2016-cı ildən sonra dövlət borcunun daha sürətlə artması müşahidə edilir. Bu isə onu göstərir ki, 2016-cı ildə baş verən “Aprel müharibəsi” Ermənistanda iqtisadi vəziyyətə əsaslı formada təsir etmişdir. Onu nəzərə alsaq ki, hazırkı qarşıdurma daha böyük əhatəyə malikdir və Ermənistanın hərbi sahədə itkiləri 2016-cı il ilə müqayisədə dəfələrlə çoxdur, o zaman bu hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına daha böyük zərbə vuracağını və buna görə də Ermənistanın xarici borcdan asılılığının əsaslı formada artacağını deyə bilərik. Dövlət borcunun sürətlə artması isə onun 2021-ci və 2022-ci illərdə elə həddə çatmasına imkan yarada bilər ki, ÜDM-in artımı mümkünsüz olar. Bu halda Ermənistan iqtisadiyyatı dərin böhranla qarşılaşmış olacaq və iqtisadiyyatın inkişaf etdirilməsi imkanları kəskin şəkildə daralacaq.

Ümumi daxili məhsul

Eyni zamanda, Ermənistan hökuməti ilin sonuna ÜDM-in artım proqnozunu da pisləşdirib. Beynəlxalq maliyyə təşkilatları tərəfindən Ermənistanda ÜDM-in daha çox azalacağı proqnozları verilsə də, Ermənistan hökuməti aprel ayında ÜDM-in 2 faiz azalacağını, avqustda isə 5 faiz azalacağını proqnozlaşdırırdı. Lakin hərbi xərclərin artmasından sonra Ermənistan hökuməti ÜDM-in 6,8 faiz azalacağını proqnozlaşdırdıqlarını bəyan edib. Aprel ayında büdcəyə edilmiş dəyişikliklərdən sonra ilin sonuna ÜDM-in həcminin ilkin proqnozdan 1,25 milyard dollar daha az, yəni 13,277 milyard dollar səviyyəsinə düşəcəyi proqnozlaşdırılsa da, bu ay qəbul edilmiş proqnozlara görə isə ÜDM-in həcmi 320 milyon dollar daha az, yəni 12,957 milyard dollar səviyyəsində olacaq. Eyni zamanda, Ermənistanın milli valyutasının ucuzlaşması ÜDM-in dollar ifadəsində azalmasına yol açacaq ki, bu da Ermənistanın iqtisadi mövqeyinin daha da zəifləməsinə səbəb olacaq. Ermənistanın hərbi xərcləri artdıqca və müharibədən sonra yaranacaq iqtisadi vəziyyət ÜDM-in daha çox daralmasına səbəb olacaq.

Digər iqtisadi risklər

Ermənistan iqtisadiyyatı ilə bağlı risklərdən biri də onunla bağlıdır ki, müharibə ilə əlaqədar olaraq Ermənistanın xərclərinin artması xarici valyuta ehtiyatlarının kəskin azalması ilə nəticələnəcək. Onsuzda cari il ərzində Ermənistanın xarici valyuta ehtiyatları azalmaqda idi. Belə ki, 2019-cu ilin dekabr ayı ilə müqayisədə hazırda Ermənistanın xarici valyuta ehtiyatları 8,6 faiz azalaraq 2,62 milyard dollara çatıb. Hərbi xərclərin artması isə xarici valyuta ehtiyatlarının daha çox azalmasına şərait yaradacaq ki, bu da Mərkəzi Bankı xarici borc vəsaitləri cəlb etmək məcburiyyətində qoyacaq və xarici borcun daha çox artmasına şərait yaradacaq.

Digər tərəfdən isə hərbi qarşıdurma ilə əlaqədar olaraq Ermənistanın milli valyutası ucuzlaşmağa başlayıb. Ümumiyyətlə, valyutanın ucuzlaşması Ermənistanda pandemiya ilə əlaqədar olaraq iyundan etibarən başlayıb və tədricən davam etməkdədir. Hərbi vəziyyətlə əlaqədar olaraq yaranan problemlər iqtisadiyyata təsir etməyə başladıqca valyutanın ucuzlaşması sürətlənəcək. Onun ucuzlaşmasının qarşısını almaq üçün isə Mərkəzi Bank xarici valyuta ehtiyatlarından istifadə etmək məcburiyyətində qalacaq. Bu da öz növbəsində valyuta ehtiyatlarının azalmasına səbəb olacaq. Bu halda da Ermənistan xarici borclanmaya getməli olacaq. Onu qeyd etmək yerinə düşər ki, hələ hərbi qarşıdurma başlamamış sentyabrın əvvəlində hökumətin iclasında pandemiya ilə əlaqədar olaraq təhsil müəssisələrinin maddi təminatını gücləndirmək üçün rezerv fondunun ehtiyatlarından istifadə müzakirə ediləndə Ermənistanın maliyyə naziri qeyd edib ki, rezerv fondu üzərində yük çoxdur və fondda mövcud olan maliyyə vəsaitləri hesabına məktəblərin maddi təminatının yüksəldilməsini həyata keçirmək mümkün olmayacaq. Halbuki bunun üçün tələb olunan məbləğ cəmi 1,3 milyon dollar idi. Bu, bir daha onu göstərir ki, Ermənistanda böyük maliyyə problemləri mövcuddur və bu hərbi qarşıdurma nəticəsində Ermənistan iqtisadiyyatının ciddi maliyyə böhranı ilə üzləşməsinə səbəb olacaq.

Digər tərəfdən isə pandemiyanın ikinci dalğasının Ermənistanda başlaması və sentyabrın əvvəlindən etibarən gündəlik yoluxma sayının artması iqtisadi böhranın daha da dərinləşməsi üçün şərait yaradır. Bununla əlaqədar olaraq səhiyyə sahəsində xərclərin artması, iqtisadi aktivliyin zəifləməsi və sosial xərclərin artması ümumi maliyyə xərclərinin əsaslı surətdə artmasına yol açacaq ki, bu da iqtisadi vəziyyətin daha da gərginləşməsinə imkan yaradacaq. Döyüşlərdə Ermənistan ordusunun şəxsi heyətində böyük itkilərin olması ilə yanaşı, Ermənistan hökumətinin pandemiya ilə bağlı yaranacaq sosial problemləri həll edə bilməməsi isə sosial narazılığın kəskin şəkildə artmasına və siyasi böhranın dərinləşməsinə səbəb olacaq.

Nəticə

Ermənistan iqtisadiyyatının hazırkı vəziyyəti və gələcəyi ilə bağlı apardığımız təhlillər ilkin göstəricilərə əsaslanır. Hərbi qarşıdurmanın daha uzun zaman çəkməsi və itkilərin daha sürətlə artması isə Ermənistanda iqtisadi vəziyyətin proqnozlarda qeyd ediləndən daha çox pisləşməsinə səbəb ola bilər. Təsadüfi deyildir ki, artıq reytinq agentlikləri Ermənistan iqtisadiyyatının reytinqlərini pisləşdirməyə başlayıb. Reytinqlərin pisləşməsi isə Ermənistanın xarici borc cəlb etmək imkanlarını azaldır və ya daha bahalı borc cəlb etmək məcburiyyətində qoyur. Bu xarici borca olan ehtiyacı aybaay artan dövlət üçün böyük zərbə deməkdir. Ermənistanda borc cəlb etmədən iqtisadiyyatın sonrakı mövcudluğu mümkün deyildir. Bahalı borc cəlb etdikdə isə sonra həmin borcun qaytarılması öhdəliyi yaranır. İqtisadi vəziyyətin pis olması isə borcu qaytarmaq imkanlarını azaltdığından borcu borcla qaytarmaq məcburiyyəti yaradır ki, bu da dövlət borcunun durmadan artmasına səbəb olur. Reytinqlərin azalması təkcə dövlət üçün borcların cəlb edilməsini çətinləşdirmir. Eyni zamanda, investorlar üçün iqtisadiyyatın cəlbediciliyini azaldır ki, bu da iqtisadi inkişafda böyük rol oynayan xarici investisiyaların azalmasına səbəb olur. Ermənistanın daxili investisiya imkanları zəif olduğundan bu, onun üçün böyük problemlər yaradacaq.

Özünün işğalçılıq siyasəti və iqtisadiyyatının yanlış idarə edilməsi nəticəsində Ermənistan çətin iqtisadi vəziyyətə düşüb. İqtisadiyyatın əksər istiqamətləri üzrə yaranan vəziyyətdən çıxış yolunun xarici borcla əlaqəli olması isə ölkənin kreditorlardan asılılığının artmasına, başqa sözlə desək, iqtisadi azadlığının məhdudlaşmasına yol açır. Bu isə uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatının milli maraqlara uyğun şəkildə inkişaf etməsini əngəlləyir. Ona görə də Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi hərbi əməliyyatlar və əldə etdiyi nəticələr Ermənistanın iqtisadi baxımdan çox zəif bir ölkəyə çevrilməsinə və onun digər dövlətlərdən, o cümlədən qonşu ölkələrdən asılı vəziyyətdə qalmasına səbəb olacaq. Ermənistan torpaqlarımızın işğalını nə qədər çox davam etdirərsə, bir o qədər çox iqtisadi problemlər yaratmış olacaq və bir o qədər də çox iqtisadiyyatı inkişaf etdirməkdə və sosial problemləri həll etməkdə çətinlik çəkəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO

Nazir müavini: Bizi davamlı sülh naminə bir araya gətirə biləcək yeganə anlayış mədəniyyətdir

Yalçın Rəfiyev: Siyasi baxışlar baxımından dünyada müxtəliflik getdikcə artır

Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb

Tarixçi-alim: Alban abidələrinin tarixi izləri işğal dövründə təhrif edilib

Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır