MƏDƏNİYYƏT
Azərbaycanlı musiqiçi Qazaxıstanda istedadlar müsabiqəsinin finalına çıxıb
Bakı, 4 iyun, AZƏRTAC
Norveçdə yaşayan azərbaycanlı musiqiçi Şəbnəm Hüseyn Qazaxıstanın Almatı şəhərində keçirilən “Central Asia's Got Talent” (“Mərkəzi Asiya istedadları axtarır”) şousunun final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, soydaşımızın müsabiqənin finalına çıxması tamaşaçıların səsverməsindən asılı idi. Artıq bu çətin mərhələ arxada qalıb. Böyük finalın 2022-ci ilin iyununda keçirilməsi gözlənilir.
Şəbnəm Hüseyn bununla bağlı sevincini və həyəcanını sosial şəbəkələr vasitəsilə bölüşərək deyib: “Artıq finaldayam və Azərbaycanımızı dünyanın ən baxımlı şou layihələrindən birində təmsil etdiyimə görə şadam”.
Şəbnəm Hüseyn müsabiqədə ona dəstək olan Diasporla İş üzrə Dövlət Komitəsinə, Oslo Azərbaycan Evinə və Norveç Azərbaycanlıları Gənclər Təşkilatına minnətdarlığını ifadə edib.
Xatırladaq ki, Şəbnəm Hüseyn Norveç Azərbaycanlıları Gənclər Təşkilatının Hamar bölgəsi üzrə sədri, Norveç Musiqiçilər Birliyinin üzvü, Drezden Simfonik Orkestrinin solistidir. Onun “Central Asia's Got Talent” müsabiqəsində iştirakını Diasporla İş üzrə Dövlət Komitəsi, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Oslo Azərbaycan Evi, Norveç Musiqiçilər Birliyi, Polşadakı “Xarıbülbül” və digər diaspor təşkilatları dəstəkləyir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşlarının iştirak etdiyi bu istedadlar şousuna Azərbaycan 2021-ci ildən qoşulub.