ELM VƏ TƏHSİL
“Azercell” azərbaycanlı “Start-up”ların ABŞ-a səfərini dəstəkləyir
Bakı, 14 sentyabr (AZƏRTAC). “Azercell Telekom” MMC Azərbaycandan olan gənclərin dünyanın ən qabaqcıl texnologiya mərkəzi olan ABŞ-ın Silikon vadisinə səfər edib öz layihələrini təqdim etmələrinə imkan yaratmışdır.
“Azercell”in “Barama” İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən “Elm və texnologiya sahibkarlığı” proqramı çərçivəsində 7 nəfər “Start-up” qalibi belə bir şans əldə etmişdir. Bu layihədə finala çıxan gənclər sentyabrın 14-dən 28-dək ABŞ-ın San-Fransisko, Boston və Vaşinqton şəhərlərində biznes təlimlərində və xüsusi olaraq “Start-up”ların iştirakçıları üçün keçiriləcək konfranslarda iştirak edəcəklər.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı azərbaycanlı gənclər San-Fransiskoda keçiriləcək “Global 1000 Meet” konfransına da qatılacaqlar.
Konfransın əsas məqsədi dünyanın müxtəlif guşələrindən gəlmiş “Start-up” iştirakçıları ilə məşhur şirkətlər, investorlar, vençur fondlar arasında əlaqələrin yaradılması və bunun nəticəsində layihənin inkişafı üçün maliyyə yatırımlarının əldə olunmasıdır.
Bu ilin dekabrında keçiriləcək yekun mərhələdə seçilmiş komandalar artıq öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcəklər. Qaliblərə 10 min, 7 min 500 və 5 min ABŞ dolları dəyərində qrant təqdim olunması nəzərdə tutulmuşdur.