İQTİSADİYYAT
“Azərikimya”da ARDNŞ-in “Yay təcrübəsi” proqramı çərçivəsində kimya müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrlə görüş olmuşdur
Sumqayıt, 18 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (İB) Sumqayıtda yerləşən baş ofisində şəhərin kimya müəssisələrində istehsalat təcrübəsinə başlamış bir qrup ali məktəb tələbələri ilə görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev gələcəyin kimyaçılarına kamil mütəxəssislər kimi yetişmələrini arzulayaraq, onlara Azərbaycanın strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin texnoloji bazasının möhkəmləndirilməsi, onun perspektiv inkişafı naminə ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyətini xatırlatmışdır. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda müasir texnologiyalar əsasında yaradılmış Texnologiyalar Parkının, Bakının Qaradağ rayonunda yaradılmaqda olan neft-kimya kompleksinin, karbamid zavodunun, geniş bir sahəni əhatə edəcək Sumqayıt Kimya Texnologiyaları Parkının gələcək perspektivlərindən söhbət açmışdır.
Görüş zamanı “Azərikimya” İB-nin strukturu və fəaliyyətinin təqdimatı olmuşdur. Tələbələrə videosüjetlər vasitəsilə Sumqayıtda ilk kimya müəssisəsinin yaradılmasından başlayaraq ölkənin neft-kimya sənayesinin bu günümüzədək keçdiyi geniş inkişaf yolu, “Azərikimya”nın müəssisələri və burada istehsal olunan müxtəlif kimya məhsulları, onların ixrac coğrafiyası və s. barədə geniş məlumat verilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Yay təcrübəsi” proqramı çərçivəsində keçirilən təcrübə müddətində bağlanmış əmək müqaviləsinə əsasən tələbələr mütəxəssis kimi işə qəbul olunacaqlar. Hər bir tələbəyə müvafiq əmək haqqı ödəniləcək və onlar həmin müddət ərzində ARDNŞ-in digər əməkdaşları kimi müvafiq hüquqlardan istifadə edə biləcəklər. Gələcək kimyaçıların iş geyimi və yeməklə təminatı və s. də “Azərikimya” tərəfindən ödəniləcəkdir.