İQTİSADİYYAT
“Azərsu”da suyun 112 parametri üzrə analizlər aparılır
Bakı, 11 aprel, AZƏRTAC
İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması “Azərsu” ASC-nin prioritet vəzifələrindəndir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar-mart aylarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən ümumilikdə 1121 nöqtədən 15 min 732 su nümunəsi götürülüb. Həmin nümunələr üzrə 97 min 33 göstərici təyin edilib. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları olmaqla ümumilikdə 66 nöqtədən tullantı su nümunələri götürülüb. Həmin nümunələr üzrə tullantı sularının 10 min 558 parametri öyrənilib.
Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 53, tullantı suların 59 olmaqla, ümumilikdə 112 parametri üzrə analizlər aparılır.
Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 9 regional laboratoriya yaradılıb. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamağa imkan verir.
Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 2013-cü il sentyabrın 16-da fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.