“AZƏRSUN HOLDİNQ” ŞİRKƏTLƏR QRUPUNDA LİTVALILARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 21-də “Azərsun Holdinq” Şirkətlər Qrupunun mədəniyyət mərkəzində Azərbaycana səfərə gəlmiş Litva iş adamları ilə görüş keçirilmişdir.
Görüş iştirakçıları “Azərsun Holdinq”in fəaliyyəti barədə videofilmə tamaşa etdikdən sonra şirkətin rəhbəri Abdulbari Gözal Azərbaycan iqtisadiyyatının ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dirçəlməyə başlamasından söhbət açmış, ölkənin iqtisadi qüdrəti artdıqca beynəlxalq əlaqələrin daha da genişləndiyini söyləmişdir. A.Gözal qonaqlara rəhbərlik etdiyi şirkətin Xaçmaz, İmişli, Astara və Lənkəran rayonlarındakı “Qafqaz” konserv zavodu, şəkər zavodu və çay fabriklərinin fəaliyyəti barədə məlumat vermişdir. Bu müəssisələrə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəfələrlə baş çəkdiyini vurğulayan şirkət rəhbəri, onların Azərbaycan iqtisadiyyatına töhfələrindən danışmışdır.
“Dəyirmi masa” arxasında davam edən söhbətdə qeyd olunmuşdur ki, Litvanın kimya, ağır metallurgiya, maşınqayırma, inşaat-tikinti, səhiyyə və digər sahələrdə əməkdaşlığa hazır olan şirkətləri “Azərsun Holdinq” Şirkətlər Qrupunun Azərbaycandakı fəaliyyətinə böyük maraq göstərirlər. Onlar bu şirkətlə iqtisadi əlaqələr qurmağa hazır olduqlarını bildirmişlər.
Baltikyanı ölkələrə, xüsusən Litvaya böyük marağı olduğunu bildirən Abdulbari Gözal Azərbaycanın aqrar sahədə əlverişli imkanlara malik olduğunu vurğulamışdır. O, rəhbərlik etdiyi şirkətin nar və digər meyvə şirələri, fındıq içi ixracı sahəsindəki imkanlarından danışmış, hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirmişdir.