SİYASƏT
AZİS-ALMANİYA TƏŞKİLATI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azİs-Almaniya Beynəlxalq Assosiasiyası Berlində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar tədbir keçirmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə Almaniyada yaşayan azərbaycanlılar, alman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər. Azİs-Almaniya Beynəlxalq Assosiasiyasının sədri xanım Yael Frankfurt mərasimi açaraq ulu öndər Heydər Əliyevin 85 illik yubileyinin bütün ölkələrdə qeyd olunduğunu bildirmişdir. Xanım Yael Frankfurt qeyd etmişdir ki, məhz milli lider Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan böyük uğurlar qazanmış, sürətli iqtisadi inkişafa nail olmuş, bölgədə lider dövlətə çevrilmiş və dünyada tanınmışdır.
Soydaşımız İzabella Bayramova Azərbaycanda 1988-1992-ci illəri əhatə edən xaosdan sonra Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gələrək dövləti məhv olmaq təhlükəsindən necə xilas etməsi barədə xatirələrini danışmışdır.
Azərbaycan Neft Akademiyasının məzunu olmuş Herd Arnold Bakıda təhsil aldığı vaxtlarda ulu öndər Heydər Əliyevin ölkədə təhsilə yüksək diqqət yetirdiyinin şahidi olduğunu bildirmişdir.
Almaniyadakı gürcü icmasının nümayəndəsi Tamara Şalamberidze isə Heydər Əliyevin Azərbaycan və gürcü xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi misilsiz töhfələrdən bəhs etmişdir.
Natiqlər ümummilli liderin dövlətçilik fəaliyyəti, Azərbaycanı dünya dövlətləri sırasına çıxarmasından danışmış, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini vurğulamışlar.
Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.