REGİONLAR
Babək rayonunda torpaq mülkiyyətçiləri ilə görüş keçirilmişdir
Babək, 15 fevral (AZƏRTAC). Babək rayon İcra hakimiyyətində torpaq mülkiyyətçiləri ilə görüş keçirilmişdir.
İcra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Abbas Əliyev məlumat vermişdir ki, rayonun 74559 hektar ümumi torpaq sahəsi var və bu sahənin 27735 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Bu torpaqların 13743 hektarında əkin aparılır. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar 2010-cu ildə 2071 istehsalçıya gübrə, 2470 istehsalçıya pul vəsaiti verilmişdir. 2011-ci ilin ötən dövrü ərzində məhsul istehsalçılarının böyük bir qisminə mineral gübrə verilmiş və bu iş davam etdirilir. 1890 nəfər istehsalçıya isə pul vəsaiti verilmişdir. 2010-cu ildə 10240 hektar sahədə taxıl biçini keçirilmiş, 29882 ton məhsul əldə edilmişdir. 2011-ci ilin məhsulu üçün rayon ərazisində 8840 hektar sahədə payızlıq şum edilmiş və 8814 hektarda taxıl səpini keçirilmişdir. Son illərdə 34 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə sahibkarlara verilmişdir. Bəzi bostan və tərəvəz istehsalçıları tərəfindən bitkilərə normadan artıq müxtəlif təyinatlı mineral gübrələrin verilməsi nəticəsində bu məhsulların keyfiyyəti aşağı düşür. Ona görə də qarşıdan gələn yaz əkini kampaniyasında belə halların baş verməsinin qarşısı alınmalı, bol və keyfiyyətli məhsul istehsalına nail olunmalıdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Layihə Axtarış Kimyalaşdırma Stansiyasının direktoru Məhəmməd Qaybalıyev, Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Əsgər Həsənov çıxış edərək üzvi və mineral gübrələrin bitkilərin məhsuldarlığına və keyfiyyətinə təsiri haqqında məlumat vermişlər. Qeyd edilmişdir ki, əkin materialı, torpağın düzgün becərilməsi, su rejiminə əməl edilməsi, zərərverici və xəstəliklərə, alaq otlarına qarşı mübarizə aparılması bol məhsul əldə olunmasında başlıca amillərdir. Ona görə də məhsul bolluğu əkin sahələrinin genişləndirilməsi hesabına deyil, intensivləşdirmə, əkilib-becərilən bitkilərə üzvi və mineral gübrələrin tətbiqi hesabına, aqrotexniki qaydalara düzgün əməl etməklə yaradılmalıdır.
Yığıncağın sonunda torpaq mülkiyyətçilərinin sualları Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılmışdır.