İQTİSADİYYAT
Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsinin təmirinə başlanılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər paytaxtın Səbail rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsində təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, 560 metr uzunluğa malik olan küçənin eni ortalama 9,5 metrdir. Təmir işləri çərçivəsində hazırda küçədə piyada səkilərinin yenilənməsi işləri aparılır. Daha sonra frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək.
Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Cari ildə isə Səbail rayonu üzrə ümumi uzunluğu 5 kilometr olan küçə və yolun təmiri nəzərdə tutulur.