ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi 2012-ci il üzrə ali təhsil müəssisələrinin reytinq cədvəlinə başçılıq edir
Bakı, 11 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini özündə əks etdirən 12-ci sayını dərc etmişdir.
Jurnalda abituriyentlərin ərizələrinin qəbulundan başlayaraq imtahanların təşkili, biliklərin qiymətləndirilməsi, ali məktəblər və ixtisaslar üzrə yerləşdirmə və s. ilə bağlı təfsilatlı məlumatlar öz əksini tapmışdır.
Bakı Ali Neft Məktəbindən (BANM) AZƏRTAC-a bildirmişlər ki, TQDK-nin yeni reytinq cədvəlində BANM 14 min 247 xalla birinci, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 6 min 800 xalla ikinci, Azərbaycan Tibb Universiteti 6 min 259 xalla üçüncü, Azərbaycan Diplomatik Akademiyası 4 min 572 xalla dördüncü, Bakı Dövlət Universiteti isə 3 min 707 xalla beşinci yeri tuturlar.