İQTİSADİYYAT
Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün treninq keçirilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin (BBTM) təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün treninq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında keçirilən tədbirdə İİN-in, BBTM-nin əməkdaşları, eləcə də Bakı şəhəri və qəsəbələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak etmişlər.
Tədbirdə Avropa İttifaqına (Aİ) ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Aİ-nin “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi” Proqramının (“GSP+”) əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilmiş, mövzular üzrə təqdimatlar keçirilmişdir.