İQTİSADİYYAT
Bakı-Böyük Kəsik istiqamətində 130 kilometr dəmir yolu əsaslı təmir edilmişdir
Bakı, 7 oktyabr (AZƏRTAC). Kürəkçay-Goran mənzilində daha 4 kilometr yolun təmirinə başlanılmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
Cari il oktyabrın 6-dan 8-dək növbəti yol qoyuluşu həyata keçiriləcək və Kürəkçay-Goran mənzilində daha 4 kilometr yol əsaslı təmir olunacaqdır.
Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. Bugünədək 130 kilometr yol əsaslı təmir edilmişdir. İlin sonunadək isə əsaslı təmir olunmuş yolun uzunluğu 150-ə kilometrə çatdırılacaqdır.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisəsləri və infrastruktur departamentinin müvafiq qurumları həyata keçirirlər.