İDMAN
BAKI ÇEMPİONATINDA ÖLKƏMİZİ 22 QILINCOYNADAN TƏMSİL EDƏCƏK
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr və kadetlər arasında qılıncoynatma üzrə dünya çempionatı başlayır. Azərbaycan yığmasına 22 idmançı daxildir. Kənan Əliyev, Azər Tağıyev və Nübar Məlikov hər iki yaş qrupunda mübarizə aparacaqlar.
Şpaqaçıların yarışlarında medallar uğrunda Vəkil Nəsibov, Tehran Rəsulov, Kənan Əliyev (gənclər), Kənan Əliyev, Fərid Məmmədov, Nəcəf Məhərrəmov (kadetlər), Elmira Xudaverdiyeva, Aydan və Nigar Abbasova bacıları (gənclər), Nəzrin ƏIizadə, Əminə Novruzova və Yiliya Bayramova (kadetlər) mübarizə aparacaqlar.
Vüqar Ağakişiyev, Murad Əliyev, Azər Tağıyev, Yusif Budaqov (gənclər), Azər Tağıyev, Hüseyn Dadaşov (kadetlər), Aysel Mirzəyeva (gənclər), Dilarə Quliyeva, Yekaterina Proxorova və Arzu Kərimova (kadetlər) qılıncoynadanların yarışında iştirak edəcəklər.
Gənc rapiraçıların yarışında Nübar Məlikova, kadetlərin mübarizələrində isə Nübar və Mehin Məlikova bacıları ölkəmizin idman şərəfini qoruyacaqlar.
Gənclər şəxsi və komanda hesabında, kadetlər isə yalnız şəxsi birincilikdə mübarizə aparacaqlar.
Dünya çempionatı aprelin 10-da başa çatacaqdır.