ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Məhəmməd Əmin Rəsulzadənin xatirəsi anılmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 29-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd olunmuşdur.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan ölkəşünaslıq şöbəsinin müdiri, ictimai elmlər institutunun direktoru, dosent Q.Barxalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamını xatırlatmış, əhəmiyyətini vurğulamışdır. Sərəncama uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, xalqımızın müstəqillik idealının gerçəkləşməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə müxtəlif tədbirlər, elmi konfranslar keçirilir.
Sonra Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş film təqdim olunmuş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti C.Beydullayev Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın dövlətçilik tarixində rolundan, onun ictimai siyasi fəaliyyətindən danışmışdır.
Sonra müəllim və tələbələrin “Məhəmməd Əmin Rəsulzadənin Rusiya, İran və Avropa ölkələrində baş verən inqilablara münasibəti barədə məqalələri”, “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rolu”, “Məhəmməd Əmin Rəsulzadənin ədəbi fəaliyyəti və mühacirət dövrü”, “Məhəmməd Əmin Rəsulzadənin şəxsi arxivlərindən” və “Məhəmməd Əmin Rəsulzadə və gənclik, onun ədəbi yaradıcılığı” mövzularında məruzələri dinlənilmişdir.