SİYASƏT
Bakıda “907-ci düzəlişin ləğvinə yönəlmiş beynəlxalq kampaniyanın dəstəklənməsi” layihəsinin icrası ilə bağlı toplantı keçirilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyi tərəfindən “907-ci düzəlişin ləğvinə yönəlmiş beynəlxalq kampaniyanın dəstəklənməsi” adlı layihənin icrası ilə bağlı toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycana qarşı ikili standartları pisləmişlər. Qeyd olunmuşdur ki, 1992-ci ildə ABŞ Konqresi daxili siyasi seçicilərin məhdud mənafeyinə cavab olaraq azadlığı müdafiə aktına 907-ci düzəlişi qəbul etmişdir. Bunun da nəticəsində ABŞ-ın Azərbaycana birbaşa yardımı məhdudlaşdırılmışdır.
Toplantıda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmamasının səbəbləri müzakirə edilmişdir.
Sonda Azərbaycan ictimaiyyəti tərəfindən ABŞ Konqresinə və BMT Təhlükəsizlik Şurasına müraciət qəbul olunmuşdur.