İQTİSADİYYAT
Bakıda aqrar biznes forumu keçirilir
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Alman-Azərbaycan məsləhət şirkətinin təşkilatçılığı ilə “Azərbaycanın aqrar təsərrüfatında, bağçılıq və qida sənayesində investisiyalar, biznes və maliyyələşmə imkanları” mövzusunda aqrar biznes forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumun açılışında ölkədə əlverişli biznes mühitinin olması, sahibkarlığın inkişafı və özəl sektorun dinamik artımı barədə danışılmışdır.
Tədbirdə Almaniyada və digər Avropa ölkələrində kənd təsərrüfatının vəziyyəti, ikitərəfli əməkdaşlıq, investisiya layihələri və digər məsələlər barədə müzakirələr aparılacaqdır.
Forumda Almaniya, İngiltərə, Belçika, Fransa və İtaliyada aqrar sahə ilə məşğul olan 10 şirkətin nümayəndələri, Azərbaycan tərəfdən 50-dən çox şirkətin təmsilçiləri, fərdi sahibkarlar, əlaqədar nazirliklərin nümayəndələri iştirak edirlər.