İQTİSADİYYAT
Bakıda Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcəkdir
Bakı, 28 fevral (AZƏRTAC). Martın 6-da Bakıda Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcəkdir.
Bu barədə sənaye və energetika naziri, Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyevin Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas ilə görüşündə məlumat verilmişdir.
Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın həmsədri, Yunanıstanın xarici işlər nazirinin müavini Dmitros Kourkoulas martın 6-dan 8-dək ölkəmizdə rəsmi səfərdə olacaqdır. Dmitros Kourkoulasın Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
İclas çərçivəsində, həmçinin Bakıda biznes forumun keçirilməsi də planlaşdırılır. Forumda 50-yə yaxın yunan şirkətinin nümayəndələri təmsil olunacaqlar.