Bakıda bank sektorunda nağd pul tədavülünün rolu müzakirə olunub
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati dəstəyi ilə Bakıda "Nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin əsas məqsədi nağd pul sahəsində faydalı fikir və təcrübə mübadiləsinin aparılması, yeniliklərin və innovasiyaların tətbiqi, müştərək biznes-ideyalarının tapılması, yeni işgüzar əlaqələrin qurulması üçün imkanların yaradılmasıdır.
Konfransda müasir bank sektorunda nağd pul tədavülünün rolu, nağd pul dövriyyəsinin idarə edilməsində yeni texnologiyaların və konsepsiyaların tətbiqi, pul nişanlarının mühafizə sistemlərinin təkmilləşdirilməsi və saxtakarlığa qarşı mübarizə mövzusunda aktual məsələlər müzakirə olunub. Konfrans çərçivəsində iştirakçı şirkətlər tərəfindən müxtəlif bank avadanlıqları və məhsullarının sərgisi açılıb.
Konfransda MDB və digər ölkələrin mərkəzi banklarının, maliyyə təşkilatlarının, həmçinin banklar üçün ixtisaslaşmış məhsul və xidmətlər istehsal edən şirkətlərin nümayəndələri, nağd pul sferasının aparıcı analitikləri, eləcə də beynəlxalq ekspertləri iştirak ediblər.
Xatırladaq ki, konfransın əsas təşəbbüskarı Ukrayna-Estoniya müştərək qurumu olan "Biznes-Format" şirkətidir. Son illər ərzində Ukrayna, Belarus və Qazaxıstan kimi ölkələrdə bu konfrans uğurla təşkil olunub. Cari ildə isə konfransa Bakı ev sahibliyi edib.