SİYASƏT
BAKIDA DƏYİRMİ MASA-SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Avqustun 27-də Bakıda “Həyat Recensi-Naxçıvan” mehmanxanasında “Yeni cinayət prosedurlarında konstitusiya hüquqlarının təmin olunması” mövzusunda dəyirmi masa-seminar işə başlamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ABŞ-ın Dövlət Departamenti, Ədliyyə Nazirliyi və Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Ali Məhkəmənin sədri Südabə Həsənova, Baş prokuror Zakir Qaralov, Prezidentin İcra Aparatının şöbə müdirləri Şahin Əliyev və Fuad Ələsgərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, ölkənin hüquqşünaslar və gənc hüquqşünaslar assosiasiyalarının məsul əməkdaşları iştirak edirlər. ABŞ tərəfdən seminarda bu ölkənin Bakıdakı səfiri Ross Uilson, səfirliyin hüquq məsələləri üzrə müşaviri Bet Şrinan, ABŞ Ədliyyə Nazirliyinin və Hüquqşünaslar assosiasiyasının təmsilçiləri Rendi Hammel, Con Porter iştirak edirlər.
Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev tədbiri giriş sözü ilə açaraq vurğuladı ki, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra məhkəmə-hüquq islahatlarının ümumi prinsiplərinə müvafiq surətdə ölkədə struktur islahatları və dəyişikliklər həyata keçirilir, qanunun aliliyini təmin etməyə, vətəndaşların hüquq və azadlıqlarını qorumağa qadir təsirli mexanizm yaradılması sahəsində iş aparılır. Ölkəmiz dünya birliyinin tam hüquqlu üzvü olmuşdur və çoxsaylı mötəbər beynəlxalq təşkilatların işində iştirak edir. Xanlar Hacıyev əməkdaşlığa və dəyirmi masada iştiraka görə amerikalı qonaqlara təşəkkürünü bildirdi.
Sonra ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilson çıxış etdi. O, Azərbaycanda hüquqi, demokratik dövlət yaradılmasında böyük müsbət irəliləyişlərin olduğunu vurğulayaraq dedi ki, bu dəyişikliklərin əsas məqsədi sabitliyi, plüralizmi, vətəndaşların konstitusiya hüquqlarını təmin etməkdən ibarətdir.
Seminarda Baş prokurorun birinci müavini Ramiz Rzayevin “Məhkəməyəqədərki icraat zamanı zərərçəkənlərin və şahidlərin hüquqları, vəzifələri və müdafiəsi”, Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərovun “İlk məhkəmə icraatı zamanı zərərçəkənlərin və şahidlərin hüquqlarının təmin edilməsi”, Apellyasiya Məhkəməsi kollegiyasının sədri Şahin Yusifovun “Apellyasiya instansiyasında zərərçəkənlərin və şahidlərin hüquqlarının qorunması” , ABŞ səfirliyinin hüquq məsələləri üzrə müşaviri Bet Şrinan və Ədliyyə Nazirliyinin təmsilçisi Rendi Hammelin “ABŞ-da zərərçəkənlərin və şahidlərin hüquqları, vəzifələri və müdafiəsi” mövzularında məruzələri dinlənildi.
Sonra seminarın birinci gününə yekun vuruldu.
Avqustun 28-də dəyirmi masa-seminar işini davam etdirəcəkdir.