MƏDƏNİYYƏT
BAKIDA FƏALİYYƏT GÖSTƏRƏN XALQ TEATRLARININ FESTİVALI BAŞLANMIŞDIR
Bakı, 1 aprel (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşəbbüsü ilə aprelin 1-də paytaxtda fəaliyyət göstərən xalq teatrlarının festivalı başlanmışdır.
Festivalın ilk günü H.Sarabski adına mədəniyyət evinin səhnəsində Marat Haqverdiyevin “Qısqanc ürəklər”, S.M.Qənizadənin “Xor-xor”, Vidadi Həsənovun “Qapalı qapı” və A.P.Çexovun “Ayı” tamaşaları nümayiş etdirilmişdir.
Bu səhnə əsərləri Ə.Paşayev adına mədəniyyət evinin dram dərnəyi, H.Sarabski adına mədəniyyət evinin xalq teatrı, İ.Əbilov adına mədəniyyət mərkəzinin Ə.Ələkbərov adına xalq və “Axın” teatrlarının aktyorları tərəfindən ifa edilmişdir.
Festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb olunması, əhalinin teatr sənətinə marağını artırmaq məqsədi ilə təşkil edilmişdir.
Festivalda Bakı şəhərinin mədəniyyət müəssisələrində fəaliyyət göstərən bütün xalq teatrları və dram kollektivləri iştirak edirlər.
Festivalın ilk üç günündə 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qalibləri müəyyən etmək üçün hər tamaşadan sonra qiymətləndirmə aparılacaqdır. Münsiflər heyəti üzvlərinin verdikləri ballar əsasında festivalın mükafatçıları müəyyən ediləcəkdir.
Qalib gəlmiş kollektivlər xalq teatrlarının ümumrespublika baxış müsabiqəsinə vəsiqə qazanacaqlar.
Bakı şəhərini təmsil edən 15 teatrın qatıldığı festivalda birincilik qazanacaq kollektivlərlə yanaşı, müxtəlif nominasiyalar üzrə qalib gəlmiş istedadlı aktyorlara da fəxri fərmanlar və hədiyyələr təqdim olunacaqdır.
Mükataflandırma mərasimi aprelin 9-da Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcəkdir.
Qeyd edək ki, festivalın növbəti günüdə Nizami adına mədəniyyət mərkəzinin səhnəsinə Abdulla Şaiqin “Danışan kukla”, Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Cırtdanın nağılı”, rus xalq nağılı əsasında səhnələşdirilmiş “Üç donuz balası”, S.M.Qənizadənin “Dursunəli və ballıbadı”, R.Əlizadənin “Diqqət, başlayıram” tamaşaları nümayiş etdiriləcəkdir.
Tamaşalarda R.Axundov adına mədəniyyət evinin xalq və kukla teatrlarının, Şüvələn qəsəbə mədəniyyət evinin dram teatrı və Nizami adına mədəniyyət mərkəzinin “Mərdəkan” xalq teatrının kollektivləri çıxış edəcəklər.