REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları açılmışdır
Bakı, 28 dekabr (AZƏRTAC). Məlumat verildiyi kimi, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə dekabrın 28-dən 31-dək Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil olunması barədə qərar qəbul edilmişdir.
Dekabrın 28-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları açılmışdır. Bayram günlərində paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara müxtəlif bayram çərəzləri və ərzaqları, mövsümə uyğun olaraq meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 19,25 ton məhsul, o cümlədən 0,6 ton ət, 0,2 ton ağartı, 6 ton tərəvəz, 6 ton meyvə və s. təklif olunurdu.
Yeni il ərəfəsində yarmarkada satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən yerkökü, çuğundur, kələm, soğan, kartof, xiyar, pomidor, göyərti, həmçinin meyvələrdən alma, armud və s. təşkil edir. Yarmarkada mövsümə uyğun məhsullardan olan balqabaq, nar, heyva və digər meyvə-tərəvəzlər daha çoxdur.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 45-60, kartof 70-90, yumurtanın 1 ədədi 10 qəpiyə və s. satılır.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri, həmçinin Bakı şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 40-a yaxın şirkət və firma tərəfindən 100 tona yaxın meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, süd və süd məhsulları, konservləşdirilmiş qidalar, un və un məmulatları, müxtəlif çərəzlər və s. gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, 4 gün davam edəcək bayram yarmarkasına, ümumilikdə, 220 ton kənd təsərrüfatı və ərzaq məhsulları çıxarmaq nəzərdə tutulmuşdur. Bütün məhsullar bazarlardakından 25-30 faiz, bəziləri hətta 40 faizədək ucuz satılır.
Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulmuş, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilmişdir.
Şənbə günü Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı, Qusar və digər rayonlardan 26 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və digər ərzaq malları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, qarşıdakı əlamətdar bayramlarla bağlı yarmarkaya gətirilmiş məhsulların çeşidi xeyli dəyişmişdir. Çalışmışıq ki, bayram günlərində qəsəbə sakinləri süfrələrini lazımi məhsullarla bəzəyə bilsinlər.
Yarmarka dekabrın 31-dək davam edəcəkdir. Bu da qəsəbə sakinlərinin ucuz və keyfiyyətli məhsul əldə etməsinə imkan verəcəkdir. Yarmarkada qiymətlər bazardakından 20-30 faizədək ucuzdur.
Alıcılar kartof, soğan, yerkökü, ət, süd, göyərti, alma, xurma, naringi, kələm və digər məhsulları həvəslə alırlar.
Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Suraxanı rayonu ərazisində açılmış bayram yarmarkalarının ilk günündə “Günəş” ticarət mərkəzində (21,6 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,4 ton) satışa Şəki, Samux, Quba, Balakən, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 24 ton məhsul çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, ümumilikdə, 4 gün ərzində bu yarmarkalarda 50 tondan çox məhsulun satılması nəzərdə tutulur. Bundan əlavə, hər iki yarmarkaya ölkədə fəaliyyət göstərən ayrı-ayrı şirkət və firmalar öz istehsalları olan ət, süd, konserv məhsulları, un və un məmulatları, yağ, şirniyyat və digər ərzaq malları çıxarmışlar. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarka da dekabrın 28-dən 31-dək fəaliyyət göstərəcəkdir.
Dekabrın 28-də yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 28 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən isə 3 min ədəd yumurta gətirilmişdir.
Yarmarkada ilk baxışdan canlanma, məhsul bolluğu və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq üzüm, naringi, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur ,ət, ağartı, göyərti və s. kənd nemətləri, həmçinin bayram süfrələri üçün növbənöv ərzaq məhsulları və çərəzlər təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Bakı şəhərinin digər rayonlarındakı kimi, Binəqədi rayonunun ərazisində, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarka da 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 4 gün davam edəcəkdir. Bu müddət ərzində burada satışa, ümumilikdə, 85 ton müxtəlif çeşiddə meyvə-tərəvəzlərin, bostan və süd məhsullarının, həmçinin ayrı-ayrı şirkət və firmaların ət, süd, konserv məhsullarının, un və un məmulatlarının və s. çıxarılması nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, dekabrın 28-də yarmarkaya Ağstafa, Siyəzən, Goranboy, Bərdə rayonlarından 24 ton məhsul gətirilmişdir. Fermerlər həmin meyvə-tərəvəzləri, bostan və süd məhsullarını alıcılara bazardakından 25-30 faiz ucuz qiymətlərə təklif edirdilər.
Şəhər sakinləri burada bazarlıq etmək üçün bütün lazımi şəraitin yaradıldığını bildirirdilər.