REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul təklif olunurdu. Paytaxt sakinləri yarmarkaya gələrək həvəslə təzə və keyfiyyətli məhsullar alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Məsələn, qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, soğan 25-30, kartof 30-60, yumurtanın biri 7 qəpiyə və s. təklif olunur.
Aprelin 22-də Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkaya bir gün əvvəl Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarının fermerləri və torpaq mülkiyyətçilərinin gətirdikləri 44,2 ton meyvə-tərəvəz, ət, ağartı və digər kənd təsərrüfatı məhsullarının 80 faizindən çoxu satılıb qurtarmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, yarmarkada tərəvəz məhsulları, o cümlədən xiyar, pomidor, bibər, badımcan, göyərti, həmçinin mövsümə uyğun meyvələrin, xüsusilə nar, alma, armudun və s. alıcıları üstünlük təşkil edir. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Alıcılar qiymətlərdən razılıq edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, bazar günü Suraxanı rayonu ərazisində - “Günəş” ticarət mərkəzində (13,4 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,3 ton) təşkil olunmuş yarmarkalarda satışa bir gün əvvəl Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarından gətirilmiş ümumilikdə 15,7 ton məhsul satılıb qurtarmaq üzrədir. Hər iki yarmarkada naringi, alma, pomidor, xiyar, soğan, kartof, göyərti və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil edir. Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Şənbə və bazar günlərində Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından 132 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdi.
Şənbə və bazar günləri yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə 130 tondan çox kartof, soğan, alma, xiyar, pomidor, armud, kələm, göyərti və digər məhsullar satılmışdır.
Şəhər sakinləri yarmarkada yaradılan bolluqdan və məhsulların keyfiyyətindən razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günləri Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Neftçala, Beyləqan, Daşkəsən, Oğuz rayonlarından daxil olmuş 29 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən gətirilmiş 10 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.
Alıcılar ən zəruri meyvə-tərəvəzləri, o cümlədən alma, armud, kartof, soğan, pomidor, xiyar, göyərtini, həmçinin süd və süd məhsullarını həvəslə alırdılar. Həmişə olduğu kimi, paytaxt sakinləri meyvə-tərəvəzin keyfiyyətli və bazar qiymətindən 25-35 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada fermerlər alıcılara bazardakından 25-30 faiz ucuz qiymətə kələm, alma, kartof, kök, çuğundur və digər çeşiddə məhsullar təklif edirdilər. Paytaxt sakinləri Ağstafa, Siyəzən, Bərdə, Goranboy və digər rayonlardan gətirilmiş həmin meyvə-tərəvəzləri, ağartı məhsullarını, göyərtini həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 17 tonadək məhsul satılmışdır.