ELM VƏ TƏHSİL
Bakıda “Kitabi-Dədə Qorqud”a həsr olunmuş simpozium keçiriləcək
Bakı, 30 iyul, AZƏRTAC
Noyabrın 2-3-də Bakıda “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş “Epos və etnos” adlı beynəlxalq simpozium keçiriləcək. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumda “Kitabi-Dədə Qorqud”la səsləşən Azərbaycan mif və əfsanələri”, “Kitabi-Dədə Qorqud” və ümumtürk tarixi”, “Kitabi-Dədə Qorqud” və qədim türk dilləri”, “Kitabi-Dədə Qorqud” və türk sənəti”, “Kitabi-Dədə Qorqud”un türk dastanlarına təsiri”, “Kitabi-Dədə Qorqud” dastanlarındakı şeirlərin qədim türk musiqisi ilə bağlılığı” və digər mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulur.
Məruzələr oktyabrın 10-dək təqdim olunmalıdır.
Simpozium barədə ətraflı məlumatı http://www.folklorinstitutu.com/ saytından əldə etmək olar.