İQTİSADİYYAT
Bakıda “Marketing Kingdom Baku” konfransı keçirilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). “P World” şirkətinin təşkilatçılığı və “Azercell Telekom” MMC-nin sponsorluğu ilə Bakıda ikigünlük “Marketing Kingdom Baku” konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıya dünyanın ən böyük marketinq ekspertləri daxil olmaqla 200-dən çox iştirakçı qatılmışdır.
Tədbirdə sosial media, istehlakçı, rəqəmsal və qlobal marketinq dünyasının ən son tendensiyaları araşdırılmışdır.
Tədbirdə “Lego Group”, SAP, “Novartis”, “Coca Cola”, “Hellenic”, “Yahoo!” və digər şirkətlərin marketinq direktorları təqdimatla çıxış etmişlər.
Baş ofisi Dubayda yerləşən “P World” şirkətinin baş icraçı direktoru Kosta Petrov konfransın açılışında Azərbaycanın marketinq cəmiyyətindən razılığını bildirmişdir: “Əminik ki, bu konfrans yerli marketoloqlara gəlirli marketinq strategiyası qurmağa kömək edəcəkdir. Biz Azərbaycanı regional marketinq mərkəzinə çevirmək məqsədilə partnyorlarımızdan olan “Azercell”lə birlikdə çalışırıq”.
“Marketing Kingdom” Avropanın ən böyük marketinq tədbiridir Bu il ərzində “Marketing Kingdom” Qazaxıstan və Rusiyada da təşkil olunacaqdır.