İQTİSADİYYAT
Bakıda “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda beynəlxalq elmi-praktiki simpozium keçirilir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Azərbaycan Universitetində bu ali məktəbin, Azərbaycan Auditorlar Palatasının, Azərbaycan İqtisadçılar İttifaqının, Rumıniya Maliyyə Auditorları Palatasının və Qazaxıstan Auditorlar Palatasının birgə təşkil etdiyi “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda beynəlxalq elmi-praktiki simpozium işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov çıxış etmişlər.
Z.Səmədzadə qloballaşmaqda olan müasir dünyada auditin rolunun artmasından bəhs edərək demişdir ki, Azərbaycanda auditor sisteminin formalaşmasına böyük əhəmiyyət verilir. Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, audit sahəsində dünya təcrübəsini öyrənir. Bu sahənin inkişafı dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir.
Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet məqsədlərindən biridir. Son illərdə Azərbaycanda ölkənin dinamik inkişafını təmin etmək məqsədilə geniş miqyaslı sosial-iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya səmərəli fəaliyyət göstərir. Müxtəlif sahələrdə korrupsiya hallarının aradan qaldırılması üçün dövlət strukturları və vətəndaş cəmiyyəti təsisatları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra tədbirlər görülməsi zəruridir. Bu sahədə fəaliyyətin uğurlu olması üçün dünya təcrübəsini öyrənmək lazımdır.
Həm özəl sektorda, həm də dövlət sektorunda nəzarətin gücləndirilməsi zəruridir. Avropa İttifaqı və Azərbaycan hökuməti arasında “Maliyyə resurslarından səmərəli istifadə, şəffaflığın təmin edilməsi” mövzusunda müştərək layihənin yaxın vaxtlarda təsdiq ediləcəyi gözlənilir.
Sonra çıxış edən Andrey Valentinov vurğulamışdır ki, Avropa İttifaqı ölkəmizdə müsbət dəyişikliklərin həyata keçirilməsi və auditin rolunun artırılması üçün Azərbaycanla sıx əməkdaşlıq edir. Azərbaycanda bu istiqamətdə müəyyən uğurlar qazanılmışdır.
2011-ci ildə “qonşuluq siyasəti” çərçivəsində “Kompyuterləşdirilmiş audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəklənməsi” adlı tvinninq-layihə üzərində iş başlanmışdır.
A.Valentinov TACİS - “Müstəqil Dövlətlər Birliyinə Texniki Kömək” layihəsinin də adını çəkmiş və bildirmişdir ki, Azərbaycanda auditin inkişafı üçün Aİ bu layihə üzrə təqribən 22 milyon avro vəsait ayırmışdır.
Simpoziumda yeni maliyyə-iqtisadi şəraitdə şəffaflığın artırılmasının əhəmiyyəti, bu sahədə auditin rolu, yaranan problemlər, maliyyə hesabatlarının auditi barədə Avropa Parlamentinin və Avropa Şurasının direktivləri mövzusunda məruzələr dinlənilmişdir.
Simpoziumun işində Azərbaycan Auditorlar Palatasının, Azərbaycan İqtisadçılar İttifaqının, Rumıniya Maliyyə Auditorları Palatasının və Qazaxıstan Auditorlar Palatasının mütəxəssisləri, Azərbaycan Universitetində alimləri, habelə iqtisadi inkişaf və maliyyə nazirliklərinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Hesablama Palatasının əməkdaşları və başqaları iştirak edirlər.
Beynəlxalq elmi-praktiki simpozium öz işini martın 16-da tamamlayacaqdır.