İQTİSADİYYAT
Bakıda VI illik Xəzər Texniki konfransı öz işini davam etdirir
![Bakıda VI illik Xəzər Texniki konfransı öz işini davam etdirir](/files/2019/3/1200x630/15713129651123238663_1200x630.jpg)
Bakı, 17 oktyabr, Ruslan Manafov, AZƏRTAC
Oktyabrın 17-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə keçirilən VI illik Xəzər Texniki konfransı - SPE (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti) öz işini davam etdirib. Tədbir “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusunda keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə SPE 2019 regional mükafatlarının təqdimatı mərasimi olub. Bu mükafat Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin üzvlərinə onların yüksək peşəkarlıq səviyyəsinə, texniki biliklərinə, habelə həmkarlarına köməyinə, sahələr üzrə cəmiyyətin dəstəklənməsi və SPE-nin daxilində uğurlu fəaliyyətinə görə təqdim edilir.
Sonra konfrans “Davamlı inkişaf, artım və mənfəət” mövzusunda ikinci panel sessiyası ilə davam edib. Panel iclasına Yaşar Lətifov (SOCAR) və Denis Lemarşal (“Total”) sədrlik edirlər. Sessiyada Nayl Henderson (BP), Zair İbrahim (prezident, Səudiyyə Ərəbistanı, Şimal Körfəzi və Şərqi Aralıq dənizi, “Baker Hughes, a GE Company”), Mixail Krasik (“Total E&P Absheron”), Zaur Məmmədov (Azərbaycan Respublikası Energetika Nazirliyi), Arnd Vilhelms (“Equnior”, neft texnologiyaları üzrə vitse-prezident) çıxış edirlər.
Qeyd edək ki, konfransın birinci günündə “Keçmiş, bu gün və gələcək” mövzusunda birinci panel iclası keçirilib, sabah isə “Yeni nəslin istedadı və insan amili” adlı yekun sessiyası keçiriləcək.
Konfrans çərçivəsində ətraflı peşəkar diskussiyalar 12 texniki sessiya üzrə keçirilir və onların iştirakçıları tanınmış spikerlərin, o cümlədən “Total”, SOCAR, BP, “Occidental Pertoleum”, TCO, Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Schlumberger”, “Halliburton”, “Equnior”, “SOCAR AQŞ”, “Baker Hughes”, “a GE Company” və digər şirkətlərin mütəxəssislərinin çıxışlarını dinləmək imkanı əldə edirlər.
Oktyabrın 18-dək davam edəcək tədbirdə Xəzər regionunda və bütün dünyada peşəkarların təcrübəsinə və qabaqcıl praktikaya əsaslanan dəyişikliklər müzakirə edilir. Bu tədbir peşə ixtisasının artırılması üçün platformadır və iştirakçılar arasında işgüzar əlaqələrin və tanışlıqların yaradılmasına, habelə bilik və təcrübə mübadiləsinə imkan verir.
Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti (SPE) dünyanın 154 ölkəsində 156.000-dən çox enerji ehtiyatlarının hasilatı və işlənməsi ilə məşğul olan mütəxəssisə öz xidmətlərini təqdim edir. Onun missiyası ictimai mənfəət gətirən neft-qaz resurslarının və müvafiq texnologiyaların hasilatı və işlənməsi üzrə texniki biliklərin toplanması, yayılması və mübadiləsi, həmçinin mütəxəssislərə texniki və peşə səlahiyyətlərinin artırılması üçün imkan yaradılmasıdır.
Bakıda keçirilən VI illik Xəzər Texniki konfransı - SPE oktyabrın 18-də öz işinə yekun vuracaq.
Tədbirin platin sponsoru BP şirkəti, gümüş - “SOCAR AQŞ”, bürünc - “Total” və “Worley” şirkətləridir.
Qeyd edək ki, AZƏRTAC konfransın rəsmi media tərəfdaşıdır.