İDMAN
Bakıda YUNESKO-nun Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin fövqəladə iclası keçiriləcəkdir
Bakı, 12 mart AZƏRTAC). Ötən il aprelin 18-19-da İsveçrənin Lozanna şəhərində YUNESKO-nun Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin iclasında komitənin fövqəladə iclasının və daimi məşvərətçi şuranın iclasının martın 13-15-də Bakıda keçirilməsi qərara alınmışdı.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fövqəladə iclas bu ilin mayında Almaniyanın paytaxtı Berlində dünya bədən tərbiyəsi və idmana məsul nazirlərin və rəsmilərin 5-ci Konfransı zamanı (MINEPS V) qəbul ediləcək Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı son tamamlama işlərini görmək məqsədi daşıyır. Tədbirdə 50-dən çox nümayəndənin iştirakı gözlənilir.
Fövqəladə iclasda oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi və bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi mövzuları müzakirə olunacaqdır.