İDMAN
Bakının “Neftçi” komandası UEFA Avropa Liqası yarışlarında iştirakını dayandırıb
Bakı, 28 avqust (AZƏRTAC, Səxavət Quliyev). Avqustun 28-də futbol üzrə UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Bakının “Neftçi” komandası növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” Serbiyanın “Partizan” kollektivi ilə qarşılaşıb.
Avstriyalı baş hakim Robert Şörgenhoferin idarə etdiyi oyunun 24-cü dəqiqəsində “Partizan”ın futbolçusu Petar Skuletiç hesabı açıb. Görüşün 58-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Julius Vobay hesabı bərabərləşdirib.
Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə qonaqlar Petar Skuletiçin dubl etməsi nəticəsində hesabda irəli çıxıblar. Beləliklə, “Neftçi” cavab oyununda 1:2 hesabı ilə məğlub olub.
Komandalar arasında bir həftə əvvəl Belqradda keçirilmiş ilk oyunda “Partizan” komandası 3:2 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə, “Neftçi” UEFA Avropa Liqası yarışlarında iştirakını dayandırıb.