Balakənli fermerlər eyni sahədən ildə iki dəfə məhsul götürürlər
Balakən, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda təkrar əkinlərə maraq ildən-ilə artır. Bu da təsadüfi deyil. Təkrar əkinlər fermerlər üçün il ərzində ikinci dəfə subsidiya almaq imkanı, əlavə gəlir, eyni zamanda, torpaqdan səmərəli istifadə deməkdir.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda 39 fermer öz təsərrüfatında təkrar əkin aparıb. Cari təsərrüfat ilində rayonda 128,2 hektar sahədə təkrar qarğıdalı, 11 hektarda günəbaxan, 5 hektarda isə təkrar kələm əkilib.
Qurum rəsmisinin sözlərinə görə, rayonun fermerləri əsasən dənlik qarğıdalı əkininə üstünlük verirlər. Torpaq mülkiyyətçiləri cari mövsümdə təkrar əkin sahələrindən 833 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan 65 sentner məhsul götürülüb. Şambul kəndindən fermer İzəddin Omarov bu il rayon üzrə hamıdan çox – 16 hektar sahədə təkrar qarğıdalı əkib və 96 ton məhsul götürüb. Hər hektardan məhsuldarlıq 60 sentner olub.
“Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 50 manat subsidiya ödənilir. 2025-ci ildən başlayaraq qarğıdalı yağı, nişasta, qlükoza və fruktoza istehsal edən müəssisələrə təhvil verilən dən qarğıdalının hər tonuna görə dövlət büdcəsi vəsaiti hesabına fermerlərə əlavə olaraq 50 manat subsidiya da verilir. Ona görə də fermerlər təkrar qarğıdalı əkininə daha çox maraq göstərirlər”,- deyə direktor müavini əlavə edib.