SİYASƏT
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanır
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 9-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional komissiyaya dair Saziş”in təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov qanun layihəsi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1995-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransında qəbul edilmiş bu sənəd balıqçılıq təsərrüfatlarının və akvakulturanın ölkələrin inkişafında vacibliyini, daxili su hövzələrində balıqçılığın səmərəliliyini, məşğulluğun və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını özündə ehtiva edir. Buna görə də 2009-cu ilin əvvəlində FAO-nun nəzdində belə bir komissiya yaradılmışdır. Regional Komissiyanın məqsədi regionda su bioloji resurslarının inkişafına, mühafizəsinə, səmərəli idarə olunmasına, akvakulturanın davamlı inkişafına kömək etməkdir.
Azərbaycan Sazişə xüsusi qeyd-şərtlə qoşulur.
İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov komissiyanın funksiya və öhdəliklərindən, balıqçılıq sahəsindəki mövcud vəziyyətdən danışmışdır. Qeyd olunmuşdur ki, nazirliyin təşəbbüsü ilə “Balıqçılıq haqqında” qanun layihəsi hazırlanır. Bu sənədin qəbulundan sonra ölkədə balıqçılığın inkişaf strategiyası tam təyin ediləcəkdir.
Komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Tahir Süleymanov, Mahir Aslanov sənədlə bağlı fikirlərini bölüşmüşlər.
Sənəd təsdiqlənmək üçün parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olunmuşdur.