SİYASƏT
Belarus paytaxtında MDB Daimi Nümayəndələr Şurasının növbəti iclası keçirilmişdir
Minsk, 21 may (AZƏRTAC). Mayın 20-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilmişdir. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki mənzil-qərargahından məlumat vermişlər.
Daimi səlahiyyətli nümayəndələr MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 4-də Moskvada keçirilmiş iclasına yekun vurmuş və görüşdə qəbul edilmiş sənədlərin həyata keçirilməsi üzrə vəzifələri müəyyən etmişlər. Belə ki, Birlik ölkələrinin xarici siyasət idarələrinin başçıları MDB çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərinə dair 18 məsələni nəzərdən keçirmişlər. Bəyənilmiş altı sənəd layihəsi baxılması üçün MDB Dövlət Başçıları Şurasına, səkkizi Hökumət Başçıları Şurasına təqdim olunacaqdır.
Daimi səlahiyyətli nümayəndələr Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın fəaliyyətini müzakirə edərək, onu yüksək qiymətləndirmişlər.
Dövlətlərarası Şuranın sədri, Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç jurnalistlərə müsahibəsində demişdir ki, 1999-cu ildə yaradılan Şura MDB ölkələrini humanitar əməkdaşlığın çox mühüm bir istiqamətində birləşdirən qocaman sahə əməkdaşlığı orqanlarından biridir.
O xatırlatmışdır ki, Dövlətlərarası Şura MDB iştirakçısı olan ölkələrin “Kitab sənəti” beynəlxalq müsabiqəsinin təşkilatçılarından biridir. Mütəxəssislərin hesablamalarına görə, forum Birlik ölkələrinin media məkanında getdikcə daha böyük nüfuz qazanır, nəşriyyat sahəsində nailiyyətlərə əhəmiyyətli töhfə verir və bütövlükdə kitab nəşrinin inkişafına kömək edir.
L.Ananiç bildirmişdir ki, Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın növbəti iclası noyabrda keçiriləcəkdir. İclasda geniş əhatəli məsələlər, o cümlədən poliqrafiya sənayesi və nəşriyyat işi üçün kadrların hazırlanması sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirmək planlaşdırılır. Şura üzvü olan dövlətlərin əksəriyyəti bu sahədə qarşılıqlı əlaqələrə maraq göstərir.
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Minsk