İQTİSADİYYAT
Bərdədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artır
Bərdə, 10 mart (AZƏRTAC). Ötən il Bərdədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 5 min 468 nəfərə çatmışdır. Təkcə 2011-ci ilin dördüncü rübündə rayonda hüquqi şəxs kimi fəaliyyət göstərənlərin sayı 5,7 faiz artmışdır. Rayonda istehsal olunan ümumi məhsulun 97,4 faizi qeyri-dövlət sektorunun payına düşür.
Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən 2011-ci ildə 116 sahibkara 1 milyon 261,8 min manat güzəştli kredit verilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində, 1.360-ı daimi olmaqla, 3.807 yeni iş yeri açılmışdır.
Mehdili kəndində gündəlik gücü 15 ton olan soyuduculu ətkəsmə müəssisəsi tikilmiş, gündəlik istehsal gücü 30 ton olan çörək zavodu və 528 başlıq broyler fabriki yenidən qurulmuşdur. Hazırda Lək kəndində “Aqrolizinq” yolu ilə 2 min tonluq soyuducu ambar inşa edilir.