CƏMİYYƏT
Beyləqan sakinləri dövlətimizin başçısına bölgələrin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər
Beyləqan, 22 may (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin “Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 23 fevral tarixli Sərəncamı rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır.
Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün 6 milyon manat vəsait ayrılmışdır.
Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, uzunluğu 35 kilometr, eni 6 metr olacaq yolun tikintisi üçün hazırlıq işləri görülür. Bu ayın sonunadək tikinti işlərinə başlanılacaqdır.
Sakinlər bu Sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi böyük diqqət və qayğısının parlaq təcəssümü kimi dəyərləndirirlər.
Rayon sakini Elman İsrafiloğlu demişdir: Respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, əhalini narahat edən problemlər həll olunur, kənlərdə qaz çəkilişi davam etdirilir. Dövlətimizin başçısının rayonun kəndlərarası yollarının yenidən qurulması ilə bağlı Sərəncamı sakinlərin böyük sevincinə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığımı bildirirəm.