SİYASƏT
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Fransa Senatına, bu ölkənin Azərbaycandakı səfirliyinə və beynəlxalq təşkilatlara müraciət etmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsinə kəskin etirazını bildirmişdir. Bununla əlaqədar olaraq Fransanın Azərbaycandakı səfirliyinə və Fransa Senatına etiraz bəyanatı göndərilmişdir. Bəyanatı birliyin 1200 nəfər üzvü imzalamışdır.
Bəyanatda deyilir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin kollektivi bu günlərdə Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsini kəskin pisləyir. Hesab edirik ki, heç bir mötəbər elmi-tarixi mənbəyə əsaslanmayan bu qanun tarixi reallıqdan çox uzaqdır. Qanun heç bir məntiqə, həqiqət meyarlarına və əxlaq normalarına uyğun gəlmir.
Biz yaxın tarixi keçmişə nəzər yetirdikdə ermənilərin Xocalıda XX əsrin ən böyük, qəddar və dəhşətli cinayətlərindən birini törətdiklərinin şahidi oluruq. Xocalı soyqırımı zamanı ermənilər böyük bir şəhərin dinc və mülki əhalisini xüsusi amansızlıqla qətlə yetirmiş və Xocalını Yer üzündən silmişlər. Bu cinayət yalnız Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş bir soyqırımıdır. Fransa dövləti bəs nə üçün bu cinayətə münasibət bildirmir?!
Biz Fransa Senatını uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanunu ləğv etməyə və Xocalı soyqırımına münasibət bildirməyə çağırırıq.
Müraciət bir sıra beynəlxalq təşkilatlara, müxtəlif xarici ölkələrin Azərbaycandakı səfirliklərinə də göndərilmişdir.