CƏMİYYƏT
Beynəlxalq konfransın iştirakçıları Qəbələnin istehsal müəssisələri və tarixi abidələri ilə tanış olmuşlar
Qəbələ, 11 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər.
AZƏRTAC xəbər verir ki, 20-dən çox ölkəni təmsil edən 60-dan artıq rəsmi nümayəndə, diplomat, alim və tədqiqatçı Qəbələyə səfəri zamanı konserv və limonad zavodları, piano fabrikində olmuş, istehsal prosesini izləmişlər.
Daha sonra qonaqlar Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində, Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində olmuş, rayonun turizm infrastrukturu, istirahət məkanları, otelləri ilə də tanış olmuşlar.
Rayondan xoş təəssüratla ayrılan qonaqlar Qəbələnin tarixi, mədəni, unikal təbii-iqlim şəraiti olan gözəl bir məkan olduğunu bildirmişlər.