REGİONLAR
BİLƏSUVAR VƏ FÜZULİ RAYONLARINDA “QUŞ QRİPİ” XƏSTƏLİYİNİN AŞKAR EDİLMƏSİ BARƏDƏ YAYILAN MƏLUMATLARIN ƏSASI YOXDUR
Aprelin 4-də bir sıra KİV-də Biləsuvar quşçuluq fabrikində və Füzuli rayonunun Böyük Bəhmənli kəndində fərdi vətəndaşların həyətlərində ölmüş toyuqlarda “quş qripi” xəstəliyinin aşkarlanması barədə məlumat verilmişdir. Bu zaman “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”na istinad edilmişdir.
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yayılan məlumatın heç bir əsası yoxdur və bu günədək ölkəmizdə “quş qripi” virusuna təsadüf edilməmişdir.
Xatırladaq ki, aprelin 2-dən başlanmış növbəti monitorinq davam edir. Monitorinq qrupu aprelin 4-də Salyan rayonundakı “Şirvan” Milli parkında olmuş və seçmə üsulla ovlanmış çöl quşlarından nümunələr götürmüşdür.