Binəqədili gənclər ordu sıralarına yola düşüblər
Bakı, 14 aprel, AZƏRTAC
Biləcəri qəsəbəsində yerləşən Milli Qəhrəmanlar parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Binəqədi Rayon İdarəsinin təşkilatçılığı ilə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Milli qəhrəmanların abidəsi önünə əklil qoyulub, Azərbaycanın dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, valideyn Fərqanə Əhmədova, çağırışçı Rəsul Hüseynov həqiqi hərbi xidmətin vacibliyindən, hər bir insan üçün Vətən borcunun yerinə yetirilməsinin əhəmiyyətindən danışıblar.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Silahlı Qüvvələrimizin tarixinə qızıl hərflərlə həkk olan Aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O, şanlı Azərbaycan bayrağını Lələtəpəyə sancan, torpaqlarımızın bir hissəsini qısa müddətdə düşməndən azad edən, Ermənistan ordusuna ağır zərbə vuraraq hər bir azərbaycanlıya qürur və qələbə əzmi yaşadan Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə yeni qələbə və zəfərlər əldə edəcəyinə əminliyini bildirib.
Tədbir 299 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında - “Torpağın səsi” kompozisiyası ilə davam etdirilib.
Sonda gənc çağırışçılar “Cəngi” sədaları altında Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salınıblar.