İQTİSADİYYAT
Bir neçə dövlət standartı təsdiq edilmişdir
Bakı, 14 aprel (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) bir neçə dövlət standartını təsdiq etmişdir.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, standartların tətbiq vaxtı bu il aprelin 20-dən müəyyən edilmişdir.
AZS 499-2011 “Laboratoriya analizi üçün su. Texniki tələblər və sınaq üsulları” standartı qeyri-üzvi maddələrin təyini üçün laboratoriyada istifadə olunan 3 dərəcəli suya olan tələbləri və sınaq üsullarını müəyyən edir. Standart üzvi maddələrin qalıqlarının, səthi aktiv maddələrin analizində, bioloji və ya tibbi analizlərdə istifadə olunan suya aid edilmir.
AZS 502-2011 “Heyvan və bitki mənşəli yağlar və piylər. Sınaq nümunəsinin hazırlanması” standartı heyvan və ya bitki piyləri və yağlarının laboratoriya nümunəsindən analiz olunma məqsədi ilə sınaq nümunəsinin hazırlanması prosesini müəyyən edir. Bu üsul kərə yağı, marqarin və ya mayonez kimi emulsiya mənşəli məhsullara aid edilmir.
AZS 585-2011 “Ölçmə vasitələrinin istehsalına, vəziyyətinə, istismarına, ölçmələrin attestasiya edilmiş metodikalarla yerinə yetirilməsinə, etalonlara, metroloji qayda və normalara riayət edilməsinə dövlət metroloji nəzarətinin həyata keçirilməsi qaydası” standartı vətəndaşların hüquqlarının və qanuni maraqlarının, Azərbaycan iqtisadiyyatının ölçmələrin qeyri-dəqiq nəticələrindən müdafiə edilməsi məqsədilə, ölçmə vasitələrinin istehsalına, idxalına, quraşdırılmasına, istismarına, tətbiqinə, ölçmələrin attestasiya edilmiş metodikalarla yerinə yetirilməsinə, kəmiyyət vahidi etalonlarına, metroloji qayda və normalara riayət edilməsinə dövlət metroloji nəzarətinin hazırlığı, keçirilməsi və nəticələrin rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. Bu standart ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət metroloji xidmət orqanları, dövlət müfəttişləri, həmçinin yoxlanılan müəssisələr üçün nəzərdə tutulur. Dövlət metroloji nəzarəti, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərində həyata keçirilir.