Bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsi ilə tanış olub
“Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq
Neftçala, 5 aprel, AZƏRTAC
Aprelin 5-də bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsində olub, burada görülən işlər və bu yaxınlarda istifadəyə verilmiş “Khazar” Avtomobil Zavodunun fəaliyyəti ilə əyani tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekspertlər və KİV nümayəndələri “Khazar” Avtomobil Zavodunun istehsal prosesi və hazır avtomobilləri ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.
Məlumat verilib ki, martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı olmuş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rola malikdir. “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. On hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.
Bildirilib ki, “Khazar” Avtomobil Zavodunun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək tədbirləri göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib, zəruri infrastruktur yaradılıb. Bu dəstək tədbirləri nəticəsində zavodun tikintisi zamanı təqribən 5 milyon ABŞ dollarına qənaət edilib. Bütün bunlar həm də avtomobillərin daha ucuz başa gəlməsinə, münasib qiymətə satılmasına birbaşa təsir göstərir.
Neftçala Sənaye Məhəlləsində Avtomobil Zavodunun yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafına da təkan verəcək. Burada ümumilikdə 300 nəfər işlə təmin olunacaq.
Xatırladaq ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin iştirakı ilə 2017-ci il sentyabrın 24-də açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur yaradılıb. Belə ki, sənaye məhəlləsində 5 MVt gücündə transformator, 25 kubmetr/saat sutəmizləyici qurğu, 100 kubmetr/saat gücündə təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin ərazisində, həmçinin yüksək standartlara cavab verən 7 istehsal modulu, inzibati bina, texniki və köməkçi binalar tikilib.
Ekspertlər və media nümayəndələri Neftçala Sənaye Məhəlləsindəki digər istehsal müəssisələri ilə də tanış olublar. Bildirilib ki, sənaye məhəlləsində avtomobil zavodu ilə yanaşı, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen su boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “start-up”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir.
Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 hektar genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.
İqtisadçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a müsahibəsində Neftçala Sənaye Məhəlləsinin ölkə iqtisadiyyatındakı önəmindən danışaraq bildirib ki, belə sənaye məhəllələrində Azərbaycan brendi ilə yeni və keyfiyyətli ixracyönümlü məhsullar istehsal olunacaq. Bu isə ölkəyə xarici valyutanın daxil olması baxımından vacibdir. Avtomobil zavodunda görülən işlər məmnunluq doğurur. Belə bir müasir zavodun yaradılması həm məşğulluq, həm də innovativ istehsalın regionlara gətirilməsi baxımından vacibdir. Biz artıq regionlarda müasir texnologiyalar əsasında məhsul istehsalını müşahidə edə biləcəyik.
Sənaye məhəllələrinin yaradılmasını sahibkarlar üçün yeni imkan kimi qiymətləndirən V.Bayramov qeyd edib ki, dövlət regionlarda belə məhəllələr yaratmaqla infrastrukturu formalaşdırır, bu istiqamətdə vəsaitlər ayırır. Sahibkar isə öz növbəsində onun üçün yaradılmış bu əlverişli imkandan istifadə edir. Dövlət sahibkarlığın inkişafını təşviq edir, digər tərəfdən imkan verir ki, iş adamları sərmayə qoyuluşları həyata keçirə bilsin. Bu, qeyri-neft istehsalının artırılması baxımından da mühüm addımdır.
Digər iqtisadçı-ekspert Sabit Bağırov da Neftçala Sənaye Məhəlləsinin yaradılmasını, burada avtomobil zavodunun açılmasını mühüm hadisə olduğunu vurğulayıb. “Mən təxminən 22 il maşınqayırma sənayesində işləmişəm. Bu gün Azərbaycanda maşınqayırmanın canlanmasını müşahidə etmək məndə qürur hissi doğurur. Digər bölgələrimizdə də belə sənaye məhəllələrinin, istehsal müəssisələrinin açılması ölkəmizin qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək. Bu, eyni zamanda, yeni iş yerlərinin açılması, idxalın əvəzlənməsi deməkdir”, - deyə Sabit Bağırov qeyd edib.