CƏMİYYƏT
Bir sıra obyektlərdə sanitariya sahəsində nöqsanlar aşkar edilmişdir
Bakı, 2 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra obyektlərdə sanitariya müayinəsi aparılmış və bir sıra nöqsanlar aşkar edilmişdir.
Yasamal rayonu H.Cavid küçəsi 56, Şərifzadə küçəsi 100 ünvanlarda və Ə.Ələkbərov küçəsi 1054-cü məhəllədə yerləşən “Lider-AS” MMC-yə məxsus marketlərdə sanitariya müayinəsi aparılmışdır.
Marketlərdə gigiyenik sertifikatı olmayan qablaşdırılmış məhsulların, saxlanma müddəti normativ texniki sənədlərdə yol verilən müddətdən süni şəkildə artırılmış, üzərində istehsalçı müəssisənin adı, ünvanı, əlaqə nömrəsi yazılmamış istifadəyə yararsız məhsulların satıldığı müəyyən edilmişdir.
Sanitariya sahəsində yol verilmiş nöqsanlarla əlaqədar “Lider AS” MMC inzibati qaydada cərimə edilmişdir. Satışdan çıxarılmış məhsulların zərərsizləşdirilməsi barədə Yasamal rayon GEM-in rəhbərliyinə müvafiq göstəriş verilmişdir.
Ərzaq məhsullarının yararlılıq müddəti ilə əlaqədar normativ texniki sənədlərin tələblərinin pozulmasının qarşısını almaq istiqamətində tədbirlər davam etdirilir.