DÜNYA
Bişkekdə “Kempir-Abad” su anbarının Özbəkistana verilməsinə qarşı mitinq keçirilib
![Bişkekdə “Kempir-Abad” su anbarının Özbəkistana verilməsinə qarşı mitinq keçirilib](/files/2022/3/1200x630/1666602614633129734_1200x630.jpg)
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Qırğızıstanın paytaxtı Bişkekdə “Kempir-Abad” (Əndican) su anbarının Özbəkistana verilməsinin əleyhinə dinc yürüş keçirilib.
AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları “Kempir-Abad” su anbarının və onun yerləşdiyi ərazinin Bişkekin balansında qalmasını istəyirlər. Həmçinin etirazçılar su anbarının dəyişdirilməsi ilə bağlı fəaliyyətlərə son qoyulmasını, delimitasiya və demarkasiya üzrə dövlət komissiyasının yenidən formalaşdırılmasını, bu məsələ ilə bağlı protokolların inventarlaşdırılmasını və bütün sənədlərin dərc olunmasını tələb edirlər.
Xatırladaq ki, Sovet İttifaqı dağıldıqdan sonra uzunluğu 1300 kilometrdən çox olan Qırğızıstan-Özbəkistan sərhəd xətti boyunca onlarla mübahisəli ərazi meydana çıxıb. Hər iki dövlətin müstəqil olduğu 30 ilə yaxın müddət ərzində Bişkek və Daşkənd demarkasiya və delimitasiya ilə bağlı razılığa gələ bilməyib. 2017-ci ilin payızında proses intensivləşib və 2022-ci ilin əvvəlinə qədər təxminən 50 mübahisəli ərazinin olduğu 230 kilometrlik hissədən başqa bütün sərhəd müəyyənləşib.
Hər iki ölkə tərəfindən imzalanan sonuncu saziş layihəsi Qırğızıstanın təxminən 19 min hektar, Özbəkistanın isə 4,5 min hektar ərazisinin, o cümlədən 1983-cü ildə inşa edilmiş “Kempir-Abad” (Əndican) su anbarının mübahisəli ərazi statusunda qaldığını nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər anbarın su ehtiyatlarını paritet şərtlərlə idarə edəcək.
Qeyd edək ki, Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir. Respublikanın Tacikistan və Özbəkistanla sərhədinin delimitasiya və demarkasiya prosesi hələ də başa çatmayıb.