İDMAN
BMT aprelin 6-nı Beynəlxalq İdman Günü elan etmişdir
Bakı, 24 avqust (AZƏRTAC). Avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nın Beynəlxalq İdman Günü kimi qeyd olunması barədə yekdilliklə qərar qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roge və dünyanın birinci raketkası, serbiyalı tanınmış tennisçi Novak Cokoviç Baş Məclisin iclasında iştirak etmişlər.
J.Roge qətnamənin qəbul edilməsi münasibətilə çıxış edərək vurğulamışdır ki, BOK ilə BMT arasında idman sahəsində əməkdaşlıq ənənələri çoxdan mövcuddur. Həmin ənənələrin əsası 1952-ci ildə, UNESCO təhsil vasitəsi kimi idmanın təbliği istiqamətində ilk kampaniyasını keçirməyə başlayan zaman qoyulmuşdur.
N.Cokoviç bildirmişdir ki, kiçik bir ölkədə doğulub böyüsə də, məhz idman sayəsində böyük uğurlar qazanmış və dünyanın bir çox ölkələrində olmuşdur.
İdmançı əmindir ki, idman insanın xarakterini möhkəmləndirmək üçün ən yaxşı vasitədir.
O demişdir: “Ümidvaram ki, Beynəlxalq İdman Gününün təsis edilməsi hər birimizin öz səylərini idmanın təmiz oyun, komandada yekdillik, rəqibə hörmət kimi əsas dəyərlərinin formalaşdırılmasına yönəltməsi üçün əsas olacaqdır. Bu, universal keyfiyyətdir”.
Qətnamədə vurğulanır ki, onun BMT sistemi çərçivəsində həyata keçirilməsi ilə bağlı bütün xərclər dünya birliyi üzvlərinin könüllü ianələri hesabına həyata keçiriləcəkdir. Belarus, Gürcüstan, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya və Makedoniya qətnamə layihəsinin sponsorları sırasındadır.